Bu gün ana südü ilə qidalanan körpələrin sayında ciddi azalma var. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O, bunun təhlükəli hal olduğunu və gənc qadınlar arasında körpəsinə süd verməməyin dəb halına düşdüyünü bildirib:
“Xarici ölkələrdə süni körpə qidasının reklamı qadağandır. Mənim də hərdən televiziya və mediada təəssüf ki, gözümə süni qidaların reklamı dəyir. Bununla ciddi mübarizə aparmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu gün süd vəzi xərçəngi qeydə alınan qadınların çoxu məhz övladına süd verməyən analardır.
O qeyd edib ki, körpəyə ana südü verməmək yalnız həkim göstərişi ilə olmalıdır.
Bəs körpəsinə süd verən anaların sayının azalmasına səbəb nədir? Bu, dəbdir, yoxsa arxasında başqa səbəblər yatır?
Pediatr Aytən İsmayılzadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, bildirib ki, ana südündən imtinanın əsas səbəbi doğum evləridir:
“Süni qidalarla bağlı monopoliya yaranıb, ilk növbədə bu, doğum evlərində analara təklif olunur. Təklifdə maddi maraq var, bu, özbaşına deyil. Şirkətlərlə birgə işləyən həkimlər analara körpəyə süni qidanın verilməli olduğunu deyirlər. Doğum evlərində süni qida verilə bilər. O qidalar ki səhiyyə qurumlarında və Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçib, onların satışında heç kim maraqlı deyil. Tək-tük uşaqlara verilir. Doğum evində donor süd bankı yaradılarsa, yəni doğum edən ana özündən sonra gələn uşaqlar üçün süd qoyarsa, heç bir süni qidaya ehtiyac qalmaz”.
Süni qidaların fəsadlarından danışan həkim çıxış yollarını da sadalayıb:
“Bu gün uşaq ölümləri, uşaqlarda allergik xəstəliklərin, xroniki xəstəliklərin olması bunu göstərir. Süni qidaların uşaqlara ilk gündən verilməsi ürək qan-damar sistemi xəstəliklərini, piylənməni, şəkərli diabeti erkənləşdirir. Çünki burada bağırsaq zədələnir. Uşağın bağırsağına düşən ilk şey ana südü olmalıdır. Əgər doğum evlərinin şirkətlərlə əlaqələri kəsilərsə, anaların özbaşına gedib süni qida almaq kimi maraqları olmayacaq.
Ana 5-6 aydan sonra südü olmadığı halda aptekə gedib süni qida alır. Apteklərdə, mağazalarda süni qidaların boy-boy düzülməsi də yanlışdır. Guya hansı bahadırsa, o yaxşıdır, bunun da fərqi yoxdur. Onların maya dəyəri çox ucuzdur. Bizdə isə şirkətlər tərəfindən olduqca baha satılır. Çünki bundan həm də klinikadakı həkimlərə faizlər verilir. İmkansız ailələr çox çıxılmaz vəziyyətdə qalır.
Digər analar ana südü ilə bağlı düzgün maarifləndirilmir. Bu da heç kimin marağında deyil, tək-tük insanların marağındadır. Doğum evlərində ana südü məsləhətçisi kimi bir ştat ayrılmalıdır. Ananın motivasiyası ananın öz südü ilə uşağını bəsləyə bilməsidir”.
O, anaların özlərinin süd verməkdən imtina etməsi hallarının az olduğunu vurğulayıb:
“Anaların özlərinin imtina eləməsi ilə bu hal kütləvilik ala bilməz. Bədən quruluşuna və digər məsələlərə görə imtina edən analar azdır. Kütləvi olan hal doğum evlərindəki məsələ ilə əlaqəlidir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 01.03.2024
Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ - Analara körpəsinə süd verməyi kim qadağan edir?
Hazırda oxunan: Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ - Analara körpəsinə süd verməyi kim qadağan edir?
Hazırda oxunan: Doğum evlərində SÜNİ QİDA TƏLƏSİ - Analara körpəsinə süd verməyi kim qadağan edir?
180485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.