Bakı Fəlsəfə Akademiyası yubileyini qeyd edir – Gənc filosoflarla müsahibə - VİDEO

Bakı Fəlsəfə Akademiyası yubileyini qeyd edir – Gənc filosoflarla müsahibə - VİDEO

Hazırda oxunan: Bakı Fəlsəfə Akademiyası yubileyini qeyd edir – Gənc filosoflarla müsahibə - VİDEO

18019

Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.

Bizim.Media gənclərin yaradıcı layihələrinə dəstək verməkdə davam edir. Bu dəfəki mühasiblərimiz Bakı Fəlsəfə Akademiyasının kollektividir.

Həyatlarını fəlsəfəyə həsr edən bu gənclər artıq bir ildir ki, müntəzəm olaraq fəlsəfə istiqamətində fəaliyyətlə məşğuldurlar.

Əsas amalları fəlsəfəni hər kəsə sevdirmək olan gənclər, bu günədək gördükləri işlərlə iddialı olduqlarını sübut edirlər.

“Hər kəs üçün fəlsəfə” bu gənclərin əsas şüarıdır. Onların fikrincə, fəlsəfə heç də auditoriylarda tədris olunan sıxıcı bir fənn deyil. Əksinə düzgün tədris olunduğu zaman təkcə insanların yox, bütün cəmiyyətin inkişafına müsbət tövhə verəcək düşüncələrdir.

İlk olaraq Akademiyanın qurucularından Qoşqar Abbasla söhbətləşirik. Qoşqar Türkiyənin “Ondokuz Mayıs” Universitetində magistr dərəcəsində fəlsəfə təhsili alır.

Onun sözlərinə görə, Bakı Fəlsəfə Akademiyasının yaradılması ciddi zərurətdən meydan gəlib. Təhsil aldıqları dövrdə Azərbaycan dilində yetərli ədəbiyyat olmadığını qeyd edən Qoşqar, əsas məqsədlərinin bu sahədə işlər görmək olduğunu bildirir.

Artıq Akademiya Azərbaycan dilində 4 tərcümə kitab yayımlayıb. Bir neçə kitabın isə tərcümə prosesi yekunlaşmaq üzrədir. Kitablar fəlsəfəyə giriş xarakterlidir və hər kəsin çox asanlıqla oxuyub başa düşəcəyi qəbildəndir. Üstəlik Akademiya daha çox insanın faydalanması üçün kitabları tam təmənnasız və ödənişsiz şəkildə oxuculara təqdim edir.

Lakin Akademiyanın fəaliyyəti sadəcə kitab tərcümələri ilə yekunlaşmır. Daha çox izləyicinin diqqətini cəlb etmək və daha çox insana xitab etmək məqsədilə Bakı Fəlsəfə Akademiyası xüsusi animasiya videoların səsləndirilməsini həyata keçirir.

Qoşqar Abbasın sözlərinə görə, son bir ildə dünyaca məşhur “The School of Life” kanalının videoları ilk dəfə öz dilimizə tərcümə edilib və səsləndirməsi həyata keçirilib.

Dili sadə və hər kəs tərəfindən anlaşıla bilən bu videolar bir çox izləyicinin fəlsəfəyə olan marağını daha da artırıb. Artıq Akademiya tərəfindən 40-a qədər belə video Azərbaycan dilində tərcümə edilib və səsləndirilib.

Bakı Fəlsəfə Akademiyasının pandemiya ilə əlaqədar öz fəaliyyətini sosial şəbəkələr üzərində apardığını qeyd edən Şahlar Ruhi isə gənc yazar, həm də psixoloqdur. Onun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr daha çox insana çatmaq üçün ən yaxşı vasitədir. Akademiyanın rəsmi saytının da mövcud olduğunu bildirən Şahlar, burada müxtəlif məqalə tərcümələrinə, blog və müəllif yazılara yer verdiklərini də qeyd edir.

Sosial şəbəkələrdə hər həftə xüsusi canlı yayım proqramlar, vebinar və təlimlər təşkil edən gənc filosoflar, bir sıra tanınmış şəxsləri, o cümlədən xarici fəlsəfəçiləri də bu layihələrə dəvət edir. “Tanıdığımız və həqiqətən savadına bələd olduğumuz tanınmış şəxsləri canlı yayımlarımıza dəvət edirik. Bu bizə tanınmış şəxslərlə xoş müzakirə imkanı verir, həm də izləyicilərimizə ciddi mövzular üzrə ciddi fikirlər təqdim edə bilirik”, deyə Fərid Kazımov qeyd edir. Öz magistr təhsilini Macarıstanda tamamlayan Fərid Kazımov, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimdir.

Hər hansı maliyyə qaynaqları olmadığını qeyd edən gənclər, bütün bu işləri könüllü şəkildə və öz hesablarına həyata keçirdiklərini bildirirlər.

“Biz tələbə olanda bu cür problemlərlə çox qarşılaşmışıq, bizdən sonrakı nəsillərin isə oxşar problemləri yaşamasını istəmirik. Bizim əlimizdən indiki anda bu gəlir. Çünki biz bu sahənin insanıyıq, işimiz, fəaliyyətimiz fəlsəfə ilə bağlıdır. Biz varkən başqasından gəlib fəlsəfə sahəsində iş görməsini gözləyə bilmərik”, deyə Araz Əliyev qeyd edir. Araz Əliyev Bakı Dövlət Universitetinin doktorantı, həm də gənc müəllimdir.

Hazırda təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirən Aqşin Aşırov isə uğurlarının sirrini dostluq münasibətlərində görür. Onun sözlərinə görə dostluq, qarşılıqlı anlaşma olmasa, könüllü şəkildə bu qədər işləri görmək mümkün olmazdı. O, hazırda pandemiya ilə əlaqədar ancaq online fəaliyyət göstərən Akademiyanın, gələcəkdə təlimlər, kitab müzakirələri və təqdimatlar keçirməyi də hədəflədiyini qeyd edir.

Şəxsi karyeralarında olduqca uğurlu olan gənclər Bakı Fəlsəfə Akademiyası adı altında da yeni uğurlara imza atmağa davam edirlər. Qarşıda yeni və daha maraqlı layihələrin olduğunu bildirən filosoflar Akademiyanın uğurlu gələcəyi üçün çalışdıqlarını qeyd edirlər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO