Qardaş ölkələrin ortaq MODELİ - “Türkiyə-Azərbaycan Universiteti dünya üçün nümunə olacaq”

Qardaş ölkələrin ortaq MODELİ - “Türkiyə-Azərbaycan Universiteti dünya üçün nümunə olacaq”

Hazırda oxunan: Qardaş ölkələrin ortaq MODELİ - “Türkiyə-Azərbaycan Universiteti dünya üçün nümunə olacaq”

179241

Xəbər verildiyi kimi dövlətlərarası təşəbbüslə tədris binası Bakıda olmaqla  Türkiyə-Azərbaycan Universiteti yaradılıb. Təhsil və ictimaiyyət nümayəndələri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını yüksək qiymətləndirirlər.

Qeyd edək ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. 

Bizim.Media xəbər verir ki, iki qardaş ölkə arasında imzalanan memorandum haqqında təhsil və ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilib.

“Bu universitet Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək”

Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyevin sözlərinə görə  Türkiyə-Azərbaycan Universitetinin yaradılması yeni bir modeldir:

“Düşünürəm ki, bu ali təhsil müəssisəsi Türkiyə-Azərbaycan birliyini qoruyacaq düşüncədə gənclərin yetişdirilməsinə xidmət edəcək. Azərbaycanın və Türkiyənin elm və təhsil sahəsində ayrı-ayrılıqda güclü olduğu sahələr var. Məncə, biz bu mənada bu sahələri də bir universitetdə cəmləşdirərək elm və təhsil sahəsində gücümüzü birləşdirəcəyik. Azərbaycan Türkiyə ilə artıq texnologiya sahəsində də ciddi əməkdaşlıqlar edir. Bu baxımdan yeni yaradılan universitetdə müasir texnologiyaları gələcəkdə istehsal edəcək, onları yaradacaq gənclərin, ixtisaslı kadrların yetişdirilməsi üçün fürsətlər yaranacaq. Bu, Azərbaycan və Türkiyə birliyini gələcəkdə daha da gücləndirəcək. Bu universitet gələcəkdə regionumuz, dünyamız üçün də bir nümunə olacaq”.

“Universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında da öz layiqli yerini tutacaq”

Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlının fikrincə, Türkiyə-Azərbaycan Universitetinin yaradılması hər iki ölkə üçün çox əhəmiyyətlidir:

“Hər iki dövlət başçısı bu məsələyə böyük önəm verirdi. Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri zamanı da birgə müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti bu məsələni gündəmə gətirmişdi. Düşünürəm ki, yaradılan ortaq universitet dünya təhsil məkanında ən yaxşı ali təhsil müəssisələrindən biri olacaq. Bunun üçün hər iki dövlətin kifayət qədər imkanları var. Bu universitet tez bir zamanda Azərbaycan ali təhsil məkanında öz layiqli yerini tutacaq”.

“Hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq”

Jurnalist, ekspert Rizvan Qənbərli Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının gələcəyə yönəlmiş önəmli və strateji dəyəri yüksək olan bir anlaşma olduğunu bildirib:

“Bu memorandum təkcə iki qardaş ölkə arasında birlik və əməkdaşlığın simvolu deyil, həm də təhsil baxımından dəyərli bir addımdır. Xüsusilə Qarabağ Universitetinin yaradıldığı bir dövrə təsadüf etməsi də düşünürəm ki, Türkiyənin ali təhsil istiqamətindəki çoxillik təcrübəsindən faydalanmaq baxımından böyük məna daşıyır. Xaricdə təhsil almaq istəyən vətəndaşlarımızın ən çox üstünlük verdiyi ölkənin Türkiyə olduğu faktını nəzərə alanda, yeni qurulacaq universitet abituriyentlərimiz üçün Türkiyədə təhsilə bir alternativ ola biləcək. Tələbə, professor-müəllim mübadiləsi, birgə tədqiqatlar, innovativ layihələr ilə hər iki ölkə üçün qarşılıqlı faydalı ali təhsil təcrübəsi formalaşacaq”.

“Ortaq Universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək”

Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev isə vurğulayıb ki, ortaq universitet iki suveren qardaş dövlətin ali təhsil sahəsində birgə fəaliyyətini genişləndirəcək:

“Türkiyə-Azərbaycan Universitetinin yaradılması 44 günlük Vətən müharibəsindən sonra iki ölkənin prezidentləri arasında müzakirə edilmiş, ilkin qərarlar qəbul olunub. Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “bir millət, iki dövlət” kimi xarakterizə edib. Növbədənkənar Prezident seçkilərində xalqın ciddi dəstəyi ilə təkrar Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində Türk Dünyasına xüsusi diqqət ayırmış və Türk Dünyasını “ailəmiz” şəklində ifadə etmişdir. Belə olan halda iki ölkə arasında ortaq universitetin təsis edilməsi Vətən müharibəsində uğurla sınaqdan çıxan və Şuşa Bəyannaməsində rəsmiləşən münasibətlərin dərinləşməsinə xidmət edəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO