Erməni jurnalist Tatul Akopyan İrəvanın Azərbaycanla şərti sərhəddə təxribat törətməkdə günahını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook”da yazıb.
“Düşmənin güclü olduğunu, layiqli cavab verəcəyini biləndə onu güllələyib yaralamağın nə mənası var?", deyə o, belə bir sual verib.
Erməni jurnalistin bu açıqlaması şərti Azərbaycan-Ermənistan sərhədində silahlı insidentin təşəbbüskarının İrəvanın olmasının növbəti təsdiqidir.
Xatırladaq ki, Azərbaycan və Ermənistan şərti sərhədinin Qafan-Zəngilan hissəsində ermənilər təxribat törədib və nəticədə azərbaycanlı sərhədçi yaralanıb. Bunun ardınca isə sərhədçilərimiz ermənilərin həmin postunu darmadağın edib, 4 erməni hərbçi məhv edilib, bir erməni hərbçi isə yaralanıb.
Qeyd edək ki, Tatul Akopyan ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri zamanı Xankəndidə Ermənistanın qanunsuz silahlı birləşmələrinin rəhbərlərinə müraciət edərək Azərbaycan hakimiyyəti ilə razılaşmalarını tələb etmişdi:
“Qarabağdan aldığım məlumata görə, Azərbaycan ordusu müdafiə xəttini keçərək Xocavənd və Əsgərana doğru irəliləyib. Hörmətli Ermənistan və Qarabağ (sabiq qondarma rejimi nəzərdə tutur) "rəsmiləri", danışıqlara girin, vətəndaşlarımızı xilas edin, qərar verməkdən çəkinməyin, Azərbaycanla danışıqlar aparın”.
Bizim.Media