“Arvad”, “yetim”, “əlil...” – Rəsmi sənədlərdə niyə bu sözlərdən İSTİFADƏ OLUNUR?

“Arvad”, “yetim”, “əlil...” – Rəsmi sənədlərdə niyə bu sözlərdən İSTİFADƏ OLUNUR?

Hazırda oxunan: “Arvad”, “yetim”, “əlil...” – Rəsmi sənədlərdə niyə bu sözlərdən İSTİFADƏ OLUNUR?

175822

Azərbaycan dilində bəzi sözlər lüğətlərdə əks olunsa və konkret məna kəsb etsə də istifadə yeri fərqlidir. Yəni rəsmi sənədlərdə ifadə edilən söz, məişətdə və el arasında yaxşı səslənmir.

Nümunə üçün dilimizdəki arvad sözünə nəzər yetirək. “Azərbaycan dilinin izahlı lüğəti”ndə arvad sözünü izah etmək üçün qadın sözü seçilib. Yəni qadına həm də arvad demək mümkündür. Ölkəmizdə nikahı rəsmi dövlət qeydiyyatına alarkən də tərəflər hüquqi baxımdan ər-arvad elan olunur. 

Lakin ərin öz arvadını “arvadım” deyə təqdim etməsi bəyənilmir, xüsusilə, qadınlar bunu etik hesab etmirlər. Həmçinin, 2020-ci ildə Baş Nazirin qərarı ilə bir çox qərarlara dəyişiklik edilərək rəsmi sənədlərdən yetim sözü çıxarılıb. Həmin söz “valideynlərini itirmiş” söz birləşməsi ilə əvəzlənib.

Dilimizdə bu cür, insanın həssas durumunu özündə əks etdirən sözlər mövcuddur. Azərbaycan dilinin izahlı lüğətində xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərə əlil deyildiyi qeyd olunub. Həmçinin, bununla bağlı fiziki məhdudiyyətli və ya fiziki qüsurlu sözlər də işlənir. Hansının işlənməsinin doğru olub, olmadığını öyrənmək üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə əlaqə saxladıq.

Dilçilik İnstitutundan Bizim.Media-ya bildirdilər ki, hər iki ifadə işlədilə bilər:

“Mətndə sinonim kimi işlədilə bilər. Əlil sözünün dildə işlədilməsinə qadağa yoxdur. Bizdə Əlillər Cəmiyyəti, həmçinin, Qarabağ müharibəsi əlilləri və s. var. Sadəcə, işlənmə yerinə görə seçilir”.

Qeyd edək ki, sonuncu dəfə çap edilən 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə fiziki məhdudiyyətli söz yoxdur. El arasında daha çox istifadə edilən əlil ifadəsi isə bu kateqoriyadan olan həssas qrupdan olan insanların narazı qaldığı və bəyənmədiyi sözdür.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO