Azərbaycanda peşə təhsili üzrə təhsil alanların statistikası açıqlanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, peşə təhsili üzrə 28 652 nəfər təhsil alır. Təhsil alanların 19 721 nəfəri kişi, 8 931 nəfəri isə qadındır. Təhsil alanların 20 563 nəfəri ötən il tələbə adını qazanıb.
Onlardan 13 632-i kişi, 6931-i qadındır.
Ötən il ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirib. Əvvəlki illərin məzunları ilə bərabər 107 188 abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır
İmtahan verənlərin isə 51 941 nəfəri ali təhsil müəssisəsinə qəbul olub. Yerdə qalanların isə bir qismi təhsillərini kolleclərdə davam etdiriblər.
Bir qismi də peşə təhsili üzrə təhsilə yönəliblər. Rəqəmlərdən məlum olur ki, yenə də təhsildən kənarda qalan məzunlar olub.
Qəbul rəqəmləri bu il ötən ilki illərə nəzərən peşə təhsilinə marağın artdığını göstərir. Lakin rəqəmlərdəki cins fərqi isə qızların bu sahəyə daha az maraq göstərməsinin sübutudur. Bu marağın azlığının isə nədən qaynaqlandığı məlum deyil.
Qızlara uyğun ixtisaslar azdımı, yoxsa qızlar daha çox ali və orta ixtisas təhsili müəssisələrində oxumağa üstünlük verirlər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Etibar Əliyev ümumi göstəricinin az olduğunu deyib:
“Peşə təhsilinə münasibət dəyişməlidir. Peşə təhsili inkişaf etmiş ölkələrin təhsil sisiteminin əsas həlqəsini təşkil edir. İndiki cəmiyyətə sosioloqlar bəzən tələbat cəmiyyəti deyirlər. Peşə təhsilinə tələbat indi daha çoxdur. Biz qızlara və oğlanlara aid peşələri təsnifatlaşdırsaq, ikisinin arasında bərabərlik işarəsi qoymaq olar. Qızlara aid peşələr də çoxdur. Amma ümumi göstəricinin özü azdır. Bu da ondan irəli gəlir ki, ölkədə peşə təhsilinin şəbəkəsi genişlənmir. Bu şəbəkədə durğunluq hökm sürür. Bu da kurikulumun müasir dövrə cavab verməməsi, eyni zamanda, peşə məktəblərinin köhnəlmiş maddi-texniki bazası əsasında fəaliyyət göstərməməsindən qaynaqlanır”.
O, əksər peşə sahiblərinin peşə təhsili almadıqlarını bildirib:
“Bir sorğu keçirsək, yüksək peşə qabiliyyəti olanlar, dülgərlər, aşpazlar, mexaniklər və digər peşə sahiblərinin peşə təhsili diplomu olmadığını görərik. Onların əksəriyyəti peşəni usta yanında öyrəndiklərini deyirlər. Bununla bağlı konkret olaraq peşə təhsili verən məktəbdə təhsil almayıblar. Ümumiyyətlə, ölkədə peşə təhsilinin təşviqi çox aşağı səviyyədədir. Vaxtilə metroların çıxışında stendlər qoyub peşə təhsilini təbliğ edirdilər. Bu da xeyli insanın diqqətini cəlb edirdi. Peşə məktəblərinin həm də yataqxanaları mövcud idi”.
Deputat hesab edir ki, peşə təhsilinə marağı həm də yarıtmaz özəl məktəblərin yaranması azaltdı:
“Əgər orta məktəbi bitirənlərin təxminən 30 faizi ali məktəblərə qəbul olursa, birmənalı şəkildə yerdə qalanı peşə qazanmalıdır. Vaxtilə özəl ali məktəblərin göbələk kimi peyda olması bu sahəyə olan marağı azaltdı. İnsanların ən aşağı balla, özəl ali məktəblərə daxil olmasına imkan yarandı. Məsələn, oyuncaq bir Beynəlxalq universitetin hardasa 20-30 min tələbəsi vardı. Bunlar bir xeyli bu sahəni geriyə atdılar.
Bu gün ən əsas məsələlərdən bir peşə təhsilinə marağın güclənməsi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərə alınan təmayülləşmənin bərqərar olmasıdır. Bu işdə də gerilik var, təmayülləşmə çox zəif gedir. 12 illik təhsilə keçid peşə təhsilinə marağı artıra bilər”.
O, qızların seçiminin təbii olduğunu qeyd edib:
“Qızların sayının az olması bu peşələrə az maraq göstərməsi ilə əlaqədardır. Bunun əksini isə kolleclərdə görürük, yəni kolleclərdə qızların sayı çoxdur. Qızlar ali məktəbə qəbul ola bilməyəndə kolleclərdə məktəbəqədər və digər pedaqoji ixtisasları seçirlər. Burada süni gender bərabərliyi axtarmaq doğru deyil. Təbii olaraq qızlar universitetləri, kollecləri seçirlər, məcburiyyət ola bilməz. Vaxtilə dərzilik, toxuculuq və bu kimi peşələr vardı, təəssüflər olsun ki, indi bu sahəyə və bu ixtisaslara maraq azdır”.
Günay Şahmar, Bizim.Media