Yoxsulluq içində öldü, dəfninə 3 gün icazə verilmədi - Hacı Zeynalabdin Tağıyevlə bağlı 10 MARAQLI FAKT

Yoxsulluq içində öldü, dəfninə 3 gün icazə verilmədi - Hacı Zeynalabdin Tağıyevlə bağlı 10 MARAQLI FAKT

Hazırda oxunan: Yoxsulluq içində öldü, dəfninə 3 gün icazə verilmədi - Hacı Zeynalabdin Tağıyevlə bağlı 10 MARAQLI FAKT

175053

25 yanvar azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Bizim.Media zəngin və maraqlı ömür sürmüş Hacı Zeynalabdin Tağıyevin həyatı ilə bağlı 10 maraqlı faktı təqdim edir:

1. Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda başmaqçı ailəsində anadan olub. 10 yaşında bənna köməkçisi, 15 yaşında isə bənna olub.

2. O 50 il kasıb və çox sadə həyat yaşayıb. 1873-cü ildə Bibiheybətdə icarəyə götürdüyü torpaq sahəsində quyu gözlənilmədən neft fontan vurur. Beləcə başmaqçı Tağının oğlu usta Zeynalabdin milyonçu Tağıyevə çevrilir.

3 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (524 milyon kq) neft hasil edir.

4. Tağıyev neft milyonçusu sayılsa da onun un dəyirmanı, fabrikləri və böyük balıq sənayesi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi) vardı. Bundan başqa onun çox sayda ticarət və yük gəmiləri, Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında, Ənzəli və Rəşt ərazisində meşələri vardı. Həmçinin, onun Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları olub.

5. İçməli sudan hər zaman qıtlıq çəkən Bakıya ilk magistral su xəttini Hacı Zeynalabdin Tağıyev çəkdirib. Alman mühəndis Şolların unikal ideyası olan bu su xətti üzərində heç bir nasosxana olmayıb. Su öz axarı ilə indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər gəlib. Su xətti təmir edilmədən bu günə qədər fəaliyyətini davam etdirir.

6. Dünyada ilk neft kəmərini də Tağıyev çəkdirib. Onun təşəbbüsü və vəsaiti ilə tikilən neft kəməri Bakıdan başlayaraq 800 kilometr məsəfədə uzanıb, Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirib. Neft kəmərinin inşası 10 il vaxt aparıb və 1907-ci ildə başa çatdırılıb.

7. 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur.

8. Azərbaycanda ilk rəsmi teatr binasını da Zeynalabdin Tağıyev tikdirib.

9. İlk xeyriyyə cəmiyyətinin təsisçisi də o olub. Bu 1905-ci ildə yaradılan «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olub.

10. Birinci Dünya Müharibəsində azərbaycanlıların döyüşlərə aparılmaması üçün Çar Nikolayla razılaşma əldə edib. Bu razılaşmaya əsasən Çar ordusundakı bütün əsgərlərin papağını Hacı öz vəsaiti hesabına tikdirib.

Qeyd edək ki, məşhur xeyriyyəçi, böyük iş adamı Hacı Zeynəlabdin Tağıyev həyatının son illərini ciddi maddi və mənəvi sıxıntı içərisində yaşayıb. Sovet hökumətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağ evində sadə həyat yaşayıb. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib.

Lakin Hacı sentyabrın 4-də dəfn edilib. Onun dəfnində çox böyük izdiham yaşanıb. Məhz bu izdihamdan ehtiyat edən bolşeviklər Hacı Zeynalabdin Tağıyevin dəfnini 3 gün gecikdirmişdilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO