Yeni fırıldaqçılıq METODU – “Bank kartlarından pul oğurlamaq üçün…”

Yeni fırıldaqçılıq METODU – “Bank kartlarından pul oğurlamaq üçün…”

Hazırda oxunan: Yeni fırıldaqçılıq METODU – “Bank kartlarından pul oğurlamaq üçün…”

174908

Son zamanlar bank kartlarından edilən oğurluqların sayı durmadan artır. Nəzərə alaq ki, ödəniş kartları nağdsız ödənişlər üçün ən əlverişli vasitədir. Bununla belə bank kartlarından edilən oğurluqlar əhali arasında müəyyən tərəddüdlər yaradır. 

Bəs, bank kartlarımızdan vəsait necə oğurlanır? 

Hüquqşünas Əlisuvar Rüstəmov Bizim.Media-ya açıqlamasında bildirib ki, bank kartlarından pulların oğurlanmasının bir neçə geniş yayılmış üsulları var:

“Bunlardan bir fişinq əməliyyatıdır. Bu əməliyyat zamanı müəyyən üsullarla istifadəçinin adı, şifrəsi, kart və digər həssas məlumatlarının dələduzlar tərəfindən ələ keçirilir və oğurlanılır. Fişinq hücumlar zamanı dələduz bank saytı kimi görünən saxta veb-sayt yaradır. 

Sonra isə onlar istifadəçiləri müxtəlif şirnikləndirmə üsullarından istifadə edərək bu sayta cəlb etməyə çalışırlar ki, burada onlar gizli istifadəçi məlumatlarını, yəni istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etsinlər. Sonda isə bu məlumatlar fırıldaqçılıq fəaliyyətinin həyata keçirilməsində istifadə edilir”.

Hüquqşünas daha bir oğurluq metodunun “vişinq” olduğunu qeyd edib:

“Vişinq kartdan pulun oğurlanmasının həyata keçirilmə üsuluna görə fişinqdən fərqlənir. Bu əməliyyatdan istifadə edən dələduzlar telefon zəngi ilə bank və ya hüquq-mühafizə orqanları yaxud da digər qurumun əməkdaşı olduğunu bildirir və şəxsə onun haqqında bəzi məlumatları söyləyir. Məsələn, ad, soyad və s. 

Belə olduqda da həmin şəxsdə zəng edən dələduza qarşı inam yaranır və onun soruşduğu məxfi məlumatları söyləyir. Dələduz həmin məxfi məlumatları soruşma səbəbini müxtəlif bəhanələrlə izah edir. Məsələn, şəxsə zəng edilərək bildirilir ki, o, müəyyən məbləğdə pul udub və bu pulun ödənilməsi üçün kart məlumatlarını verməlidir”.

Aldanmamaq üçün nə etməliyik?

Əlisuvar Rüstəmov kart sahiblərinə xoşagəlməz hallardan sığortalanmaları üçün bəzi tövsiyələr verib:

“Bank kartın üzərindəki 16 rəqəm, CVV/CVC kodu, kartın PIN kodu və digər məxfi məlumatları heç kimə verməyin. İnternetdə qarşınıza çıxan lotereya və ya prizlər yaxud da başqa elanlarla bağlı şübhəli keçidlərə keçməyin. 

Əgər artıq məxfi məlumatları şübhəli şəxsə vermisinizsə, onda dərhal  karta giriş şifrələrini dəyişdirin. Əgər mobil tətbiq mövcuddursa, kartı bloklayın və bankla əlaqə saxlayaraq vəziyyəti bildirin. Yalnız belə halda siz xoşagəlməz hadisələrdən sığortalana bilərsiniz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO