Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb.
Yanvar ayının əvvəlindən hüquqpozmalara qarşı şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində müxtəlif inzibati qayda pozuntusu törədən ümumilikdə 655 şəxs də müəyyən edilib və həmin şəxslər barəsində inzibati protokollar tərtib olunub.
Bizim.Media