Bütün ailə üzvlərini itirmiş Xocalı sakini – “Xankəndidə yaşamağa hazıram”

Bütün ailə üzvlərini itirmiş Xocalı sakini – “Xankəndidə yaşamağa hazıram”

Hazırda oxunan: Bütün ailə üzvlərini itirmiş Xocalı sakini – “Xankəndidə yaşamağa hazıram”

170293

Keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışı davam edir. Rəsmi qurumların məlumatına görə, 44 günlük Vətən müharibəsinin bitməsindən 2023-cü ilin dekabrına qədər işğaldan azad olunmuş ərazilərə ümumilikdə 987 ailə (3 932 nəfər) köçürülüb. Təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qaytarılıb.

Gələn il də torpaqlarından didərgin düşmüş vətəndaşların işğaldan azad olunan ərazilərə, xüsusilə, Xocalı və Xankəndiyə qaytarılması planlaşdırılır.

Digər azad olunan ərazilər kimi Xankəndi və Xocalının Azərbaycan üçün böyük əhəmiyyəti var. Dekabr ayının 21-də Xankəndi stadionunda baş tutan futbol matçı da bunu göstərdi.

Xocalı şəhəri isə unudulmaz Xocalı faciəsinə görə, azərbaycanlıların yaddaşında iz buraxıb. O ağır faciənin yaşandığı torpaqlara yenidən insanların dönüşü, ora nəfəs verməsi olduqca həyəcanla qarşılanır. 

Xocalı faciəsi zamanı ailəsinin 6 nəfər üzvünü itirmiş Xocalı sakini Vidadi Hüseynov Bizim.Media-ya danışaraq Xocalıya getmək istədiyi günü səbrsizliklə gözlədiyini deyib:

“Mən müraciət eləmişəm, gedib oraları görmək istəyirəm. Xocalı faciəsində atam, anam, qardaşım və 3 bacım itkin düşdü. Tək Xocalıda yox, Qarabağ hadisələrində ən çox bizim ailə itki verib. Onların heç birinin nə məzarı, nə də bir izləri var”.

Xocalı sakini faciədən sonra yenidən həmin yerdə yaşaya bilməyəcəyini bildirib:

“Xocalı alındıqdan 5-10 gün sonra bizim qeydiyyatımızı aparıblar. Komitəyə nə işlədiyimiz, ailə tərkibimiz, qaldığımız ərazi, harada qalacağımız barədə məlumatları təqdim etdik. Biz Daşbulaq kəndindən idik, əvvəl o Əsgəran rayonuna baxırdı, sonra ora verildi. Bizim ev dağılıb, bilmirəm bərpa ola bilər ya  yox. Ailədə təkcə mən qalmışam, heç kim yoxdur. Orada gedib yaşaya bilmərəm. Ata yurduna canla -başla getmək olar. Amma bir ailənin 6 nəfəri yox ola, illərdir onlardan səs-soraq olmaya, gedib həmin evdə, yerdə yaşamaq mənə çox ağır gəlir. Çünki ora ancaq acı xatirələrlə yadımda qalıb”

Hazırda mövsümi olaraq istilik qazanxanalarında işlədiyini deyən Vidadi Hüseynov Xankəndiyə köçüb orada yaşamağa hazır olduğunu qeyd edib. O, qayıdışın zamanından məlumatsız olduğunu bildirib.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO