Kürdəmir rayonunda 8-ci sinif şagirdinin ərə verilməsi ilə bağlı görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “qafqazinfo.az”a bildirib ki, evləndirildiyi iddia edilən hər iki şəxsin valideynləri Kürdəmir Rayon Polis Şöbəsinə dəvət olunub.
Qurum rəsmisinin sözlərinə görə, məktəbli qızın evləndirilməsi faktı təsdiqini tapmayıb:
“Sadəcə olaraq ailələrin övladları üçün kiçik nişan mərasimi təşkil etdikləri məlum olub və valideynlər qanunla nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra onların toy mərasiminin keçiriləcəyini bildiriblər.
Yetkinlik yaşına çatmayan şəxsin ailə qurmasına cəlb edilməsinin yolverilməzliyi və qanunla qadağan olunduğunu hər iki şəxsin valideynlərinin diqqətinə çatdırılıb. Həmçinin, ailələr nəzarətə götürülüb. Yeniyetmələrin yetkinlik yaşına çatmamış evləndirilməsindən söz gedə bilməz”, - deyə T.Mərdanoğlu vurğulayıb.
Mətbuat katibi əlavə edib ki, məktəbli qız hazırda dərslərini davam etdirir.
O qeyd edib ki, məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamaya görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bizim.Media