“Növbə mədəniyyəti”miz, yoxsa “qabağa düşmək” XƏSTƏLİYİ?

“Növbə mədəniyyəti”miz, yoxsa “qabağa düşmək” XƏSTƏLİYİ?

Hazırda oxunan: “Növbə mədəniyyəti”miz, yoxsa “qabağa düşmək” XƏSTƏLİYİ?

165949

Mənə elə gəlir ki, son günlər ölkədəki bütün problemlərin həllini tapmışam. Bilirsiniz, nə vaxt tapdım? Növbədə öndə olduğum halda arxadan dirsəyi ilə belimi deşən və beləliklə, önə keçməyə çalışan kütlənin içində. Bəli, düz oxudunuz. Artıq bu qənaətə gəlmişəm ki, bütün problemlərin özəyi, məğzi insanların başqalarını əzərək qabağa düşmək istəyindən irəli gəlir.

Adamlar heç nə etmədən ictimai nəqliyyatda, işdə, məişətdə qabağa düşməyə çalışırlar. 

Təkrar edirəm, heç nə etmədən...

Növbə və ya sıra mədəniyyəti səthi mövzulardır. Siz elə bilirsiniz ki, o adamlar növbə mədəniyyətinin nə olduğunu bilmirlər? Bilirlər, özü də çox yaxşı. Fikrimcə, “qabağa düşmək” xəstəliyi “növbə mədəniyyəti”ndən daha dərindir. Qabağa düşmək istəyən insana mədəniyyətdən saatlarla mühazirə oxusan da, o, dəyişməyəcək. Çünki qarşısına məqsəd qoyub ki, heç nə etmədən irəli gedəcək. 

Diqqət edin, əziyyətlə və ya növbəsini gözləyərək önə gedən azdır. Çoxluq anidən sıçramaq istəyir. Ancaq boş sahəyə yox. Elə bir sahəyə ki, orada mütləq kimsə əzilməlidir.

Adamlar səni görməzdən gəlirlər, mədəni və vicdanlısansa, əksər hallarda tapdalamağa çalışırlar. Ya sən də onlar kimi başqalarını əzməlisən, ya da qurbana çevrilməlisən. Hətta keçən dəfə metroda işə gedərkən, sıxlıqda oxşar hadisə ilə qarşılaşdım. Gözlərində kainatın zirvəsinə çatmağı hədəfləyən və var gücü ilə içimdən keçməyə çalışan bir nəfərə reaksiya verdim: 

“Bəlkə, görünməzəm?...”

Anlamırlar ki, biz təkcə başqalarının sıra növbəsinə girmirik. Həm də onların arzularının, ümidlərinin, problemlərinin növbəsinə giririk. Axı hansı haqla bunu edirik?  Eqomuzun əsiri olduğumuz halda başqasının növbəsindən necə üstün ola bilərik? 

Bəzən sözügedən şəxslərin gözlərinə diqqət yetirirəm, baxışlarda elə bir aclıq, həyəcan, vahimə hiss edirəm ki, sanki o an başqasının növbəsinə girməsə, həyatındakı bütün missiyası, məqsədi başa çatacaq və Allah tərəfindən əbədi cəzalandırılacaq. Ona görə başqalarını görmədən, eşitmədən, vəhşicəsinə “qabağa düşmək” istəyirlər. 

Qəribədir, bəlkə də növbə Allah olsa, heç ona da sitayiş etməzlər.

Hərdən düşünürəm, axı nə qədər qabağa düşə bilərik? Olduğun nöqtə sənin deyilsə, gec-tez oradan yıxılırsan, yıxırlar. Bəlkə də hamımız yıxılacağıq, geci-tezi var. 

Heç birinizə yıxılmağı arzu etmirəm. Ancaq yıxılanda belə gəlin, mədəni yıxılaq, vicdanlı yıxılaq, ən əsası, öz yerimizdən yıxılaq. Öz yerimizdən yıxılaq ki, başqaları qaldıra bilsin. Vay o günə ki, başqasının yerindən yıxılasan, bax onda əl tutmağa adam da qalmayacaq...

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO