Ötən gün sosial şəbəkələrdə yayılan bir video xeyli müzakirələrə yol açıb. Həmin videoda bir nəfər dindarın yenicə doğulmuş körpəyə Kərbəla torpağı yedirdilməsi əks olunub. Torpaq yedizdirən dindar sevinclə bildirir ki, Kərbəla torpağı müqəddəsdir və onu yeməklə böyüyəcək körpə gələcəkdə məhz bu ünvana sədaqətlə səcdə edəcək.
Təbii ki, videoda səslənən fikirlər birmənalı şəkildə kəskin iradla qarşılanıb.
Mövzuya münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, torpaq yemək İslam dininə görə haramdır və böyük günahdır:
MÖVZU İLƏ BAĞLI:
Kərbəla torpağı yedirdilən körpənin vəziyyəti AĞIRLAŞA BİLƏR – XƏBƏRDARLIQ - VİDEO
“Baxmayaraq ki, insan torpaqdan yaradılıb. Amma torpaqda bir çox mikrob və bakteriyalar var. Dəxli yoxdur, Kərbəla, Məkkə, Mədinə, Qüds torpağı da olsa hökm eynidir. Bəziləri Kərbəla torpağını yeməyi tövsiyə edir. Bu sadəcə xurafatdır. İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra Əhli Beyt imamları əsla belə tövsiyələr verməyiblər və özləri də belə işlər etməyiblər. İmam qanı tökülən torpağı yemək elə insan qanı içmək, ətini yemək kimi bir şeydir.
Belə əməllərlə bəziləri İslam dinini, Əhli Beyt yolunu hörmətdən salmağa çalışırlar. İslam dini elm dinidir. Peyğəmbərimiz buyurur ki, alimin yuxusu cahilin ibadətindən üstündür. Bax bu cəhalətdir”.
Tural İrfan onu da qeyd edib ki, İmam Hüseyn əleyhissəlam böyük hünər sahibi, elm sahibi, mükəmməl insani keyfiyyətləri özündə daşıyan ali sima idi:
“Onun bu xüsusiyyətlərini gözləmək üçün belə xurafatlarla insanları o həzrətdən uzaq salırlar. Elmli adamlar bu torpaq yemək səhnəsinə baxanda deyə bilər ki, “görün bunlar hansı təfəkkürdə olan cahillərdir”.
İmam Hüseyni də məhz belə düşüncədə olanlar şəhid etdi.
Xalqımız bu və bu kimi xurafatlardan uzaq olmalıdır. Uşağa torpaq yedirtmək ağılsızlıqdır. Uşağın mədə, bağırsağında ciddi problemlər yarada bilər ki, bunu tibb mütəxəssisləri də təsdiq edir”.
Surxay Atakişiyev, Bizim.Media