20 günə kökəldən təhlükəli dərmandan nümunələr laboratoriyaya GÖNDƏRİLDİ - AQTA-dan AÇIQLAMA 

20 günə kökəldən təhlükəli dərmandan nümunələr laboratoriyaya GÖNDƏRİLDİ - AQTA-dan AÇIQLAMA 

Hazırda oxunan: 20 günə kökəldən təhlükəli dərmandan nümunələr laboratoriyaya GÖNDƏRİLDİ - AQTA-dan AÇIQLAMA 

162556

20 günə kökəldən təhlükəli dərmanın hələ də satışda olduğunu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə qeyri-qanuni idxal olunan, dövlət qeydiyyatından keçməyən qida əlavəsinin tərkibi ilə bağlı araşdırma aparmadığını xəbər vermişdik.
 

MÖVZU İLƏ BAĞLI:

20 günə kökəldən təhlükəli dərman hələ də SATIŞDADIR – AQTA isə 3 həftədir SƏSSİZDİR... 


Söhbət “İnstagram” platformasında “elen cosmetics” adlı səhifənin qeyri-qanuni satışa çıxardığı məhsullardan, konkret isə Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan”qida əlavəsindən gedir. Sözügedən səhifənin kütləvi şəkildə satdıqları qeyri-qanuni idxal olunan dərman və qida əlavələrinin çoxu hormonal, yan və zərərli təsirlərə malikdir.

Nəhayət üç həftədən sonra AQTA yazımıza reaksiya verib.

Qurumun açıqlamasını olduğu kimi təqdim edirik:

“Qeyd olunan məsələ ilə bağlı məlumatlar sosial şəbəkələrdən götürülərək, AQTA tərəfindən kompleks araşdırmalara başlanılıb. Artıq bir sıra məhsullardan nümunələr götürülərək, laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Hal-hazırda Agentlik tərəfindən sözügedən məhsullarla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Xatırladaq ki, məsələni bir neçə ictimailəşdirəndən sonra “İnstagram” platformasındakı “elen cosmetics” adlı səhifə bağlanıb. Hansı adda və necə fəaliyyət göstərdikləri barədə məlumat yoxdur. Nə də aidiyyəti qurumlar bu barədə ictimaiyyətə bilgi verib.

Təhlükə isə hələ də qalır...

Məlumat üçün bildirək ki, tərkibində “jenşen” olduğu bildirilən “Samyun Wan” nəinki Azərbaycanda, dünyada heç bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb. Bundan əlavə qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var. Yəni, məhsulun konkret mənşəyi məlum deyil.

Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına (dövlət standartları) uyğun deyil. Saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərin və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu qaçaqmalçılıqla gətirilmiş, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur.

Qeyd edilən məhsul 20 gün ərzində nə az, nə çox 8 kq çəki artırır. Bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”ndən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulun ölkədə satışına icazə ilə bağlı Azərbaycanın heç bir dövlət orqanı tərəfindən rəsmi sənəd verilməyib.

Hansı ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.
Ümid edirik ki, dövlət qurumları kommersiya məqsədləri üçün gətirilən bu kimi təhlükəli dərman və ya qida əlavələrinin qanunsuz dövriyyəsinə, kütləvi satışına son qoyacaq.

Qeyd edək ki, bu hal Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə məsuliyyət yaradır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO