Xəbər verdiyimiz kimi, Azərbaycan dövləti və xalqına qarşı cinayət əməllərinə yol vermiş Qarabağdakı terrorçu dəstələrin rəhbərləri artıq həbs olunublar. Araik Arutyunyan, David İşxanyan, Arkadi Qukasyan və Bako Saakyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.
Azərbaycan xalqına qarşı terror aktlarının əsas təşkilatçıları olan Ermənistanın keçmiş rəhbərləri-Robert Köçəryanla Serj Sarkisyan isə hələlik azadlıqdadır. Amma gec-tez, mütləq şəkildə onlar da məsuliyyətə cəlb olunacaqlar.
Erməni bloger Natali Aleksanyan Ermənistanın Roma Statutunu ratifikasiya etməsi fonunda bildirib ki, nəhayət Azərbaycan məhkəməyə müraciət edib, Robert Köçəryanın və Serj Sarkisyanın həbsini tələb edə bilər.
“Madam ki, Ermənistan bu qaniçən quldurlardan yaxa qurtara bilmir, qoy onların işləri ilə onların əsl qanuni vətəni olan Azərbaycan məşğul olsun. Unutmayaq ki, hər ikisi Azərbaycanda doğulub, Azərbaycanda çalışıblar və hakimiyyəti qəsb etməklə qanunsuz olaraq Ermənistan vətəndaşlığı və rəhbər vəzifələr alıblar.
İndi onlardan yaxa qurtarmaq və səbirsizliklə gözlədikləri Azərbaycana təhvil vermək üçün yaxşı fürsətdir”, - deyə Aleksanyan qeyd edib.
Bəs, Köçəryan və Sarkisyan Azərbaycana təhvil verilə bilərmi?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Köçəryanla Sarkisyanın həbsini növbəti mərhələyə saxlamalıyıq:
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Separatçı rejimin keçmiş “başçıları” həbs edildi
“Azərbaycan bütün beynəlxalq konvensiyalara əvvəllər müəyyən şərtlərlə qoşulurdu. Çünki ərazimiz işğal altında idi. İndi isə işğala son qoymuşuq və belədə sözügedən şərtlərin hamısı ortadan qalxır. Hazırda ölkəmizin qarşısında tələsik şəkildə Roma Statutuna qoşulmaq hədəfi dayanmır. İndi Azərbaycan cəmiyyəti də çox həyəcan keçirir.
Köçəryanla Serj Sarkisyanı da növbəti mərhələyə saxlamaq lazımdır. İkinci Dünya Müharibəsi başa çatandan sonra bir sıra faşist caniləri Nürnberq prosesinə cəlb edildi. Amma bəzi digərləri də sonrakı illərdə tutularaq prosesə cəlb olundular”.
Deputatın fikrincə, Köçəryanla Sarkisyanın həbsi məsələsini sonrakı mərhələdə gerçəkləşdirmək imkanımız var:
“İndi həbs olunan canilər yəqin ki, Köçəryan və Sarkisyan əleyhinə müəyyən ifadələr verəcək, tapşırıqların onlardan gəldiyini söyləyəcəklər. Belə bir vəziyyətdə əlimizdə daha çox dəlil-sübut olacaq. O baxımdan da tələsməyə ehtiyac yoxdur.
Təbii ki, vaxtaşırı Ermənistandan onları da tələb etməliyik. Əsas əlimizdə olan xammalın doğru istifadə olunmasına çalışmalıyıq. Çünki bu cinayətkarlar bir çox məqamların açılmasına köməklik göstərəcəklər.
Nəticədə bilmədiyimiz bir çox cinayətlərin də açılması mümkün ola bilər. Qarabağdakı terrorçu ünsürlərin başında dayananlarla məsələni çözəndən sonra hüquqi yolları tapmaqla Köçəryanla Sarkisyanı da tələb etməliyik”.
Rüfət Sultan, Bizim.Media