FHN-dən Sumqayıtdakı partlayışla bağlı AÇIQLAMA - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 1978-ci il təvəllüdlü Əliyev Vitalik Qalyeviç və 1982-ci il təvəllüdlü Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media