BİZİM TƏQVİM: 27 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 27 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 27 sentyabrda baş vermiş tarixi hadisələr

157083

Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır! 

27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.      

27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.  

27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun  Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu.

Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Bəs, sentyabrın 27-də dünyada daha hansı hadisələr baş verib?

1. 27 sentyabr 1529-cu ildə Osmanlı imperiyası Vyana qapılarına gəlib çıxdı. Qanuni Sultan Süleymanın komandirliyindəki Osmanlı ordusu I Vyana mühasirəsini başlatdı.

2. 27 sentyabr 1590-cı ildə Papa 7-ci Urbanus seçildikdən 13 gün sonra tac geyinmə mərasimini belə görmədən dünyasını dəyişdi. Urbanus tarixdə ən qısa müddət bu vəzifədə olan papadır.

3. 27 sentyabr 1825-ci ildə İngiltərədə ilk ictimai dəmir yolu işə düşdü.

4. 1922-ci ilin 27 sentyabr tarixində Anadolunu işğal etmək üçün Türk ordusuna qarşı başlatdığı müharibədə məğlub olan yunan kralı I Konstantin taxtını tərk etdi. Konstantinin yerinə oğlu Yorqos Yunanıstan kralı oldu.

5. 27 sentyabr 1961-ci ildə Suriyada hərbi çevriliş oldu. Çevriliş hakimiyyəti Misir və Suriya Baas partiyalarının qurduğu Birləşmiş Ərəb Cümhuriyyətindən ayrıldıqlarını açıqladı.

6. 27 sentyabr 1971-ci ildə Türkiyə-İran dəmir yolu xətti Van şəhərində keçirilən mərasimlə xidmətə açıldı. Açılışı Türkiyə prezidenti Cevdet Sunay ilə İran şahı Pəhləvi etdi.

7. 27 sentaybr 1998-ci ildə “Google” axtarış sistemi istifadəyə verildi.
 

8. 27 sentyabr 2002-ci ildə Norveç hökuməti Abel mükafatını təsis edib. Mükafat Norveç riyaziyyatçısı Nils Henrik Abelin şərəfinə təsis edilib.

9. 27 sentyabr 1979-cu ildə Dünya Turizm Təşkilatının Baş Assambleyası tərəfindən Dünya Turizm Günü təsis edilib.

Bundan məqsəd turizmin təbliği, onun dünya iqtisadi birliyinə töhfəsinin işıqlandırılması, müxtəlif ölkələrin xalqları arasında əlaqələrin inkişaf etdirilməsidir. Bu gün Şimal yarımkürəsində turizm mövsümünün başa çatmasına və Cənub yarımkürəsində başlamasına həsr olunub.

10. 27 sentyabr 2020-ci ildə “Bizim.Media” xəbər portalı fəaliyyətə başlayıb. Operativliyi, qərəzsizliyi və obyektivliyi özünə deviz edən oxucuların maariflənməsi, əylənməsi və dünyada baş verən bütün hadisələrdən xəbər tutması üçün əzmlə çalışıb. Və qısa zaman kəsiyində ölkənin aparıcı xəbər portallarından birinə çevrilib.

Sentyabrın 27-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 27 sentaybr 2013-cü ildə Türk kino və teatr oyunçusu Tuncel Kurtiz vəfat edib. 

2. 27 sentyabr 1930-ci ildə Əməkdar mədəniyyət işçisi Nina Fişeva (1930-29.8.2010) Bakıda anadan olub. Ömrünü arxiv işinə həsr edib, 1959-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Foto-Kino Sənədlər Arxivinin direktoru işləyib.

3. 27 sentyabr 1931-ci ildə Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.
4. 27 sentyabr 2012-ci ildə Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (20.5.1940-2012) vəfat edib. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

5. Sentyabr 2020-ci ildə Vətən müharibəsi qəhrəmanları Ceyhun Həsənov, Elçin Mansurov və Faiq Qasımov şəhidlik zirvəsinə ucalıblar

6. 27 sentyabr 2021-ci ildə Xalq artisti, tanınmış müğənni Teymur Mirzəyev (1936–2021) vəfat edib. “Qaya” vokal kvartetinin bədii rəhbəri olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO