Hövsanın təcili yardım DƏRDİ – 90 min əhalisi olan qəsəbədə iki briqada FƏALİYYƏT göstərir

Hövsanın təcili yardım DƏRDİ – 90 min əhalisi olan qəsəbədə iki briqada FƏALİYYƏT göstərir

Hazırda oxunan: Hövsanın təcili yardım DƏRDİ – 90 min əhalisi olan qəsəbədə iki briqada FƏALİYYƏT göstərir

155021

Təcili tibbi yardım briqadasının çağırışlara gecikməsi adi hal alıb. Gecikmənin səbəbi kimi isə təcili tibbi yardım briqadasının sayının azlığı göstərilir. Hərçənd ki, rəsmi qurumlar bu fikirlə razılaşmır və əsas gətirirlər ki, təcili tibbi yardımın çağırışa gecikməsinə səbəb yollarda baş verən tıxaclardır. 

Bəs, Bakıətrafı qəsəbələrdə? Bu yollarda ki, sıxlıq olmur. Özü də gecə saatlarında...

Demək ki, faktiki olaraq paytaxtda fəaliyyət göstərən təcili tibbi yardım briqadalarının sayı ərazi və əhali sayına müvafiq deyil. Yaxud əhalisi sıx olan rayonlar üzrə təcili yardım xidmətinin düzgün bölgüsü həyata keçirilməyib. Problem də elə bundan qaynaqlanır. 

Məsələnin aktuallığını zaman-zaman diqqətdə saxlasaq da, problemə əncam çəkən yoxdur. İlin-günün bu vaxtı təcili çağırışlarda nə həkim, nə də onu ünvana vaxtında çatdıran təcili tibbi yardım maşını tapmaq olur.

Növbəti belə bir şikayət Suraxanı rayonu Hövsan qəsəbəsindən gəlib. Saytımıza müraciət edən qəsəbə sakininin sözlərinə görə, ötən gün, 21:30-da qəsəbənin bağ massivinə çağırış üçün ərazi üzrə təcili tibbi yardım stansiyasına müraciət edib.
Əməliyyatdan yenicə çıxmış xəstənin qəfil ürəklə bağlı narahatlığı yarandığı üçün çağırışı edən şəxs briqadanın ünvana təcili gəlməsini xahiş edib. Amma xəstə yaxınları təcili tibbi yardımı 1 saat 40 dəqiqə gözləməli olublar. 

Şikayətçinin sözlərinə görə çağırışdan yarım saat sonra təkrar təcili tibbi yardımla əlaqə saxlamalı olub. Ona isə bildirilib ki, briqada başqa ünvanda olduğu üçün hələki gələ bilmir.

Həkim çağırışdan çıxandan sonra növbəti ünvana yönləndirəcəklər. Amma ləngimə uzanıb və səbri tükənən xəstə yaxınları 1 saat 40 dəqiqədən sonra ünvana gəlmək üçün əlaqə yaradan təcili tibbi yardım briqadasından imtina edib. 

Ən dəhşətlisi isə odur ki, nə təcili tibbi yardım stansiyasından, nə də xəstənin qeydiyyatda olduğu polinklinikadan halı pisləşən pasiyentlin vəziyyəti ilə indiyədək maraqlanan tapılmayıb. 

“Hippokrat andı” həkimlərin davranışlarını müəyyən edən etik-əxlaqi prinsiplərdən ibarətdir. Həkim olmaq istəyən hər kəs bu andı qəbul edir. Hər bir and isə konkret xidmət, nəcib məqsəd uğrunda olur. 

Maraqlıdır, öz dövrü üçün olduqca böyük mənəvi meyar olan bu andın mahiyyətini və öhdəliyini müasir dövrdə tibb sahəsində çalışanların hamısı dərk edirmi? 

Cavab təsdiq olsaydı, sözügedən problem heç gün üzünə çıxmazdı...

Qeyd edək ki, 2023-cü ilin rəsmi məlumatına görə paytaxtda 125 təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Bu rəqəmi rayonlara bölsək, hər rayona təxminən 10 təcili tibbi yadım briqadası düşür. Hər rayonunun isə təxminən 10-15 qəsəbə, yaxud inzibati dairəsi olduğunu nəzərə alsaq, demək ki, bir yaşayış massivinə 1 təcili tibbi yardım briqadası düşür. 

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2500-dən çox müraciət daxil olursa, ləngimə də məhz briqada çatışmazlığından qaynaqlanır. 

Məlumatlara görə təxminən 90 min nəfər əhalisi olan Hövsan qəsəbəsində cəmi 2 təcili tibbi yardım briqadası fəaliyyət göstərir. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, 12.09. 2023-cü il tarixində 20/8 iş növbəsində 11 saylı bölmənin Hövsan filialında 3 həkim briqadası xidmət göstərib:

“Saat 20:00-23:00 ərzində ərazi üzrə 12 çağırış daxil olub. Çağırışların sayı faktiki briqadaların sayından çox olduğuna görə çeşidlənərək ardıcıllıqla icra edilib. Ətraf ərazilərdə də çağırışların daxil olma intensivliyi yüksək olub”, - deyə qeyd olunub.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO