Bir neçə gün əvvəl baş tutan jurnalistlərin Ağdam səfəri ətrafında söz- söhbətlər hələ də səngimək bilmir.
Belə ki, media portallarında yayılan xəbərlərə görə, səfərdə APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı və Teleqraf Media Qrupunun başçısı Aynur Camalqızı arasında insident yaşanıb. Hətta dava tərəflərin bir - birinə stəkan atması həddinə qədər gəlib çıxıb.
Məsələ ilə bağlı "Yeniçağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Facebookda post paylaşaraq olanlara aydınlıq gətirib:
"Əslində Ağdam səfərində nə olmuşdu?
Baş redaktorların Ağdam səfəri artıq jurnalistlərin mənzil davasına döndü. Səfərdə olanlar susduqca, şaiyələr bərbəzəklə yayılır. Bir çox həmkarımız da bizdən soruşur və müsbət cavab almadıqda, nəyisə gizlətməkdə suçlayır.
Tanıyanlar bilir ki, mən nəyi necə var deyən adamam. Səmimiyyətimə inanırsanız və həqiqəti bilmək istəyirsiniz, o zaman telefonlarınızı yaxın tutun.
- “Xəbər”i yazan çayxana təfəkkürlü bilsin ki, biz yolboyu heç bir çayxanada oturmamışıq. Biz Kürdəmirdə Asan Xidmətdə əyləşmişik və hər bir tərəfi mühafizə kamerası ilə zəngin olan o ərazidə insident baş versəydi, çoxdan kamera görüntüləri əllərdəydi.
- Stəkan və çaynikin pulunun müdiriyyət tərəfindən ofisiantlardan kəsilməsi heç bir halda, hətta Bruss Lee ilə Van Damm dava etsəydi belə kəsilməyəcəkdi. Çünki stəkanlar kartondan idi. Azı iyirmi litr su tutan dəmir çayniki qaldırıb qarşısındakına fırladacaq adam da bizim səfərdə gedənlər arasında yox idi.
Həmin qonaqlar isə nə karton, nə də orada olmayan şüşə stəkanda yox, “çaşka”da çay içirdilər və heç bir “çaşka müharibəsi” də baş verməyib".
Jurnalist əlavə nəqliyyat vasitəsinin gətirilməsini də boş şayiə olduğunu deyib:
- “Dava sonrası” heç bir əlavə nəqliyyat vasitəsi gəlməyib və hər kəs gəldiyi avtobusla Ağdama gedib və oradan da həmin avtobusla geri qayıdıb. Yalnız Lider TV-nin prezidenti Ədalət Əliyev qayıdarkən Bərdədə, yeməkdən sonra hamı ilə, xüsusilə eyni avtobusda gəldiyi həmkarları ilə sağollaşaraq, onun arxasınca gələn avtomobilə minərək, ayrılıb".
O, əslində baş verən hadisənin mahiyyəti haqqında da postunda məlumat verib:
- Bəs nə baş verib? Kürdəmirdə xanım media qrup rəhbərlərindən biri digərinə replika atıb, qarşı tərəf də adekvat cavab verib və masadan ayrılıblar. Yəni, maksimum 1 dəqiqəlik sözlü, hər hansısa əl-qol hərəkəti olmadan qarşılıqlı replikalaşma olub və olarkən də çox az sayda şəxs, o cümlədən onlar arasında bir “kişi” jurnalist də olub və məhz o, məsələni bəzəyərək, mətbuata ötürüb.
Və fərqli qütblərdə olan və bir-birinə sevgi borcu olmayan jurnalistlərin səfəri zamanı o tip replikaların olması da normaldır.
Məsələn, bir həmkarımızın Ağdamda büdrəyərək qazılmış məzara üzüqoylu yıxılmasını bir çoxu “torpaq da istəmirmiş gəlməyini” deyə, yorumladı və güldük, keçdik. Məsələ bu qədər bəsitdir və stəkanda fırtına yaratmağa ehtiyac yoxdur..."
Sonda A.Ələsgər bir daha yayılan məlumatlarda həqiqət payının olmadığını vurğulayıb:
"Bundan artığını deyən səhv etmir, böyük qələt edir. Bu qədər də iddialı deyirəm. “Deyirlər”lə deyil, məhz “gördüm” deyərək, cavab vermək istəyən varsa, buyursun".
Hadisə ilə bağlı ətraflı təfərrüatlardan da anlaşılır ki, iki xanım arasında münaqişə şişirdilərək, mediaya qərəzli şəkildə ötürülərək, yalan məlumatlar yayılıb.
Aqil Ələsgərin də qeyd etdiyi kimi görünən odur ki, əslində olan hadisə baş verənlərin deyil, "deyirlərki"lərin ətrafında cərəyan edib.
Vüsalə Balayeva, Bizim.Media