“Məhdud iştirakçı və vaxtla toyların keçirilməsinə icazə verilməməsi, qapalı idman zallarının açılmaması müsbət qiymətləndirilə bilməz. Neçə həftədir deyirik ki, xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb, pandemiyanın şərtlərinə əməl edilməklə icazə verilməliydi”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün karantin rejimi ilə bağlı verdiyi qərarlara münasibət bildirərkən qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
“Toylara icazə verilməsə, demoqrafik təhlükə yaranacaq” – Fazil Mustafa - VİDEO
Onun sözlərinə görə Operativ Qərargahın dünənki qərarı normal sayılmalıdır. Ciddi qapanmaya gedilmədi və gözlənilən də bu idi:
“Üstəlik rayonlara gediş-gəlişin də qarşısı alınmadı. Bu şəraitdə iş yerlərinin bağlanmaması olduqca vacib idi.
İnsanlar onsuz da yoxsullaşıblar, daha ağır duruma düşməməsi üçün çörəkpulu qazanmasına imkan tanınmalıydı.
İctimai nəqliyyatın olmamasından da aztəminatlı vətəndaşlarımız xeyli sıxıntı çəkəcəklər və Bakıda tıxacların yaranmasına daha çox rəvac verəcək. Görünür, pandemiyanın yayılma təcrübəsini nəzərə alaraq bu qərarı qəbul ediblər. Düşünürəm ki, bu dəfə ictimai rəyi diqqətə alaraq qərar qəbul etdilər”.
Alçina Amilqızı, Bizim.Media