Ötən gün Göyçayda baş verən sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü uçurub və kəndə alternativ yol olmadığından kəndlə rayon arasında olan əlaqə tamamilə kəsilib.
Aidiyyatı qurumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.
Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində rayona güclü sel gəlib və beş kəndi əhatə edib:
MÖVZU İLƏ BAĞLI:
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət tam bərpa olundu - FOTO
“Güclü sel rayonun Aşağı Qaraməryəm kəndində beş körpünü dağıdıb. Bunlardan ikisi piyada körpüsü, üçü maşınların hərəkət etdiyi körpüdür. Hazırda körpünün uçması nəticəsində Aşağı-Qaraməryəm kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Həmçinin zərər çəkən kəndlərdə qazın, suyun, işığın verilməsi dayandırılıb və bu işlərin böyük hissəsi günün sonuna qədər başa çatacağı nəzərdə tutulur. Lakin Aşağı Qaraməryəm kəndində körpünün uçması ilə əlaqədar kənd ilə şəhərin əlaqəsi tamamilə kəsilib. Aidiyyatı qurumlara müraciət olunub, hal-hazırda dəymiş ziyanlar müəyyənləşdirilir”.
İkram Vəliyev onu da qeyd etdi ki, aidiyyatı qurumların əməkdaşları beş körpüdən ən azı iki körpünün qısa zamanda quraşdırılmasına kömək göstərəcəklərini bildiriblər:
“Sel nəticəsində ən çox ziyan çəkən rayonun Qarayazı, Qaraməryəm, Aşağı Qaraməryəm, Qarabaqqal və Bığır kəndləridir. Hazırda rayonda selin vurduğu ziyanın dəyəri hesablanır”.
Qeyd edək ki, sel nəticəsində rayonda xeyli sayda obyektlərə, evlərə, avtomobillərə və şəxsi təsərrüfatlara xeyli ziyan dəyib.
Bizim.Media, Aran bürosu