Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi keçirilib.
Bizim.Media xəbər verir ki, sərgidə avqustun 27-də keçiriləcək yürüş üçün qeydiyyatdan keçmiş klassik avtomobillər, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən avtomobil sərgisinin eksponatları sırasında olan bəzi nəqliyyat vasitələri yer alıb. Ümumilikdə sərgidə 140-dan çox avtomobil nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan sərgidə unikallığı ilə seçilən avtomobil də yer alıb. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır.
Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz “Qaz-M21 Volqa” avtomobili üzərində yaradılıb. Bu, avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.
Sərgidə 1983-cü ilədək istehsal olunmuş retro nəqliyyat vasitələri nümayiş etdirilib. Ən qədim avtomobil isə 1931-ci il istehsalı olan “Ford Model A” markalı maşın olub.
Sərgidə iştirak edən “Mercedes-Benz C-Class 170” avtomobilinin sürücüsü Azər Abıyev AZƏRTAC-a açıqlamasında bildirib ki, bu avtomobil dünyada öz seriyasının birinci versiyasıdır.
“2022-ci ildə Almaniyada keçirilən avtomobil sərgisindən almışam. Həftədə bir dəfə - yalnız bazar günləri istifadə edirəm. Bu avtomobildən Azərbaycanda bir dənədir”, - deyə o əlavə edib.
“Harley-Davidson” markalı motosikletin sahibi Vladislav Vologin nəqliyyat vasitəsinin 1938-ci ilə məxsus olduğunu söyləyərək bildirib:
“Bu, mənə babamdan qalıb. Hazırda çox az adam bundan istifadə edir”.
Sərgiyə 1926-cı il istehsallı “Moskvich”i ilə qatılan Araz Kərimov isə nəqliyyat vasitəsini beş il əvvəl Polşadan gətirdiyini vurğulayıb. O deyib:
“Avtomobili təxminən 1500 dollara almışam. Bu cür köhnə avtomobillərə uşaqlıqdan həvəsim var”.
Qeyd edək ki, klassik avtomobillər avqustun 27-də Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər.
Əlli kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatacaq klassik avtomobillərin orada da sərgisi təşkil olunacaq. Tamaşaçılara, həmçinin tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim ediləcək.
Əyləncə proqramına müsabiqələrin keçirilməsi, müxtəlif nominasiyalarda hədiyyələrin təqdimatı da daxildir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:29 / 27.08.2023
Bakıda klassik avtomobillərin növbəti sərgisi keçirilib - FOTO
Hazırda oxunan: Bakıda klassik avtomobillərin növbəti sərgisi keçirilib - FOTO
Hazırda oxunan: Bakıda klassik avtomobillərin növbəti sərgisi keçirilib - FOTO
152490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.