Azərbaycanda ön cəbhədə döyüşən əsgərlərimiz üçün “Mobil Hamam” layihəsinə start verilib. Bu haqda gənc iş adamı Rüfət Əzizov özünün Facebook hesabında məlumat verib:
“Bir neçə yoldaşın dəstəyi ilə cəbhə üçün “Mobil Hamam” işi davam edir. Biri kombi, biri duş, biri boru, biri radiator, biri metal-konstruksiya və s. ilə dəstək oldular, ortaya maraqlı iş çıxdı. Son bir ayda xalqımızın birliyi, müxtəlif layihələr üzrə köməkləşməsi, bir-birini dəstəkləməsi qürurvericidir”, - deyə o, qeyd edib.
Layihənin rəhbəri Nəsimi Əlizadə isə Bizim.Media-ya bunları dedi:
“Facebookda bir əsgərimizin videosunu görmüşdüm, “on gündür çimmirəm” demişdi. Qərara gəldim ki, belə bir işə başlayım. Müdafiə Nazirliyinin qaynar xəttinə zəng etdim, onlar da texniki şöbəyə yönəltdilər, fikrimi dedim. Dedilər ki, “çox gözəl, edin”. Biz də dostlarla birləşib başladıq. Artıq üç hamam hazırdır. 30 ədəd belə hamam hazırlamaq fikrimiz var”.
Bizim.Media