Qarpızı mövsümündən əvvəl yemək təhlükəlidir? – Mütəxəssisdən XƏBƏRDARLIQ

Qarpızı mövsümündən əvvəl yemək təhlükəlidir? – Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Qarpızı mövsümündən əvvəl yemək təhlükəlidir? – Mütəxəssisdən XƏBƏRDARLIQ

145904

Azərbaycanda əsasən iyul ayının sonu, avqustun əvvəlində tam yetişən qarpız, bir aydır ki, bol şəkildə bazarlarda satışa çıxarılır.

Hər kəsə məlumdur ki, mövsümündən əvvəl satışa çıxarılan qarpız və ya yemiş ya süni istilik verilərək, ya da mineral gübrələrdən istifadə olunmaqla süni şəkildə yetişdirilir ki, bu da bir sıra hallarda həssas qrupdan olan insanların həyatı üçün təhlükə yarada, zəhərlənmələrə gətirib çıxara bilir.

Bizim.Media-ya  açıqlama verən, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki,  mövsümündən tez qəbul edilən qarpızın insan orqanizmi üçün heç bir faydalılıq əmsalı yoxdur və sadəcə qida növü kimi qəbul olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Meyvə və tərəvəzlərdən zəhərlənməmək üçün NƏ ETMƏLİ? – Mütəxəssisdən XƏBƏRDARLIQ


“Son illər qarpızın yetişdirilməsində digər hormonlardan isitfadə edilir ki, buna da fitohormonlar adı verilib. Bunlar da insan orqanizmində böyük fəsadlara yol açır. Qarpız zəhərlənməsi özünü birdən-birə soyuq tər basması, qusma, ishal, gözlərə qaranlıq çökməsi və başgicəllənmə kimi hallarla göstərir. Əgər zəhərlənən şəxsdə təzyiq aşağı düşübsə və onu soyuq tər basıbsa, onu mütləq başı aşağı saxlamaq, mümkün qədər çoxlu maye qəbul etməsini təmin etmək və dərhal həkimə müraciət etmək lazımdır”.

Qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirdi ki, xüsusilədə həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hətta hamilə qadınlar üçün daha təhlükəlidir:
“Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızları mövsümdən əvvəl yemək məsləhət görülmür. Hətta bir çox hallarda satıcılar məhsulun isti ölkələrdən gətirildiyi üçün heç bir zəhərlənməyə səbəb olmayacağını deyirlər.” 

Müsahibimiz onu da diqqətə çatdırdı ki, uzun yol qət etməsi üçün kal vəziyyətdə dərilir və xarab olmaması üçün yolda müəyyən dərmanlama prosesi aparılır: 

“Qarpızı yedikdən sonra da həmin dərmanlar insan orqanizmində kimyəvi prosesə səbəb olur və bədənin bir hissəsində yığılıb qalır. Bu da bir müddət sonra qaraciyər və böyrək çatışmazlığına səbəb olur. Onu da bilmək lazımdır ki, yayda qarpızı otaq temperaturunda uzun müddət saxladıqda, tərkibindəki anti-oksidantlar çoxalır. Ancaq soyuducuda bütöv şəkildə saxlamaq lazım deyil. Əgər soyuducuda saxlamaq istəyirsinizsə, o zaman kəsilməli və üstü bağlı şüşə, yaxud emal olunmuş qablarda saxlamaq lazımdır”.

Ölkəmizdə iyulun 20-dən sonra satışa çıxarılan qarpızın zərərsiz olduğunu deyən M.Hüseynova fikrini belə əsaslandırdı ki, həmin gündən başlayaraq, avqustun sonlarına qədər satışda olan məhsullarda zəhərlənmə halları çox az olur.

Qida mütəxəssisi, keyfiyyətli məhsulun ölçüsünün böyük olmamasına və  bazardan qarpız alarkən bu qaydalara diqqət yetirməyin vacib olduğunu söylədi: 

“Belə ki, ilk növbədə ən azı 5-7 kq çəkidə, səthi isə hamar və zədələnməmiş, bəzəkləri aydın və parlaq, saplağı isə quru olmalıdır. Bunların olması məhsulun təzə, içinin də keyfiyyətli olduğunun göstəriciləridir. Əgər üzərində sarı ləkələr çoxdursa və nizamsız şəkildədirsə, bu qarpız ya tam yetişməyib və şirin deyildir Tərkibindəki A və C vitaminləri, kalsium və maqnezium insan orqanizmindəki bir çox xəstəliklərin inkişafının qarşısını alır və orqanizm üçün faydalı maddələrlə təmin olunmasında böyük rol oynayır. Qarpız anti-oksidant tərkibli olduğu üçün toksinlərin orqanizmdən uzaqlaşması və iltibahlı proseslərin qarşısının alınması üçün faydalıdır”. 

Bu məhsulun faydalı qida olduğunu deyən müsahibimiz vurğuladı ki, öz mövsümündə qəbul olunsa belə, miqdarını keçmək lazım deyil: 

“Qarpızı yeməkdən dərhal deyil, təxminən 1 saatdan sonra istifadə etmək daha faydalıdır. Əgər bu müddət gözlənilərsə, əvvəlki qida ilə reaksiyaya getməz, həm də zəhərlənmə baş verməz. Gün ərzində qarpızdan istifadə 200 qramı keçməməlidir. Hətta yaxşı olardı ki, həftədə 2-3 dəfə yeyilsin və hər dəfə 200 qramdan artıq olmasın. Qarpızı lazım olan miqdardan çox qəbul etdikdə, mədədə şişkinlik, köpmə və ağırlıq hissi yaradır ki, bu da bir çox hallarda böyük fəsadlar yol açır”.

Bir çox insanın bu məhsulu pendirlər bilrikdə qəbul etdiyini deyən ekspertin sözlərinə görə, pendir zülal tərkibli olduğu üçün şişkinliyi yox edir və insanın uzun müddət tox qalmasına səbəb olur:

“Qarpızı yeməkdən sonra deyil, bir yemək əvəzinə pendirlə bərabər qəbul etmək daha  düzgün olar. Hətta pendirin əvəzinə qoz və badamdan da  istifadə olar ki, bu da uzun müddət tox qalmağa və qarpızın yaratdığı şişkinliyin aradan qalxmasına kömək edir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO