Qida və yem məhsullarının yeni İDXAL QAYDALARI

Qida və yem məhsullarının yeni İDXAL QAYDALARI

Hazırda oxunan: Qida və yem məhsullarının yeni İDXAL QAYDALARI

145825

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxal və ixrac əməliyyatları zamanı 37 min 55 müraciət əsasında 24 min 94 fitosanitar sertifikat və icazə sənədi, 35 min 150 müraciət əsasında 33 min 896 qida təhlükəsizliyi sertifikatı, 5 min 311 müraciət əsasında 2 min 321 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib. İdxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan karantin tətbiq edilən zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 411 bildiriş göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib. 

Q.Təhməlinin sözlərinə görə, bu bildirişlərdən 193-ü İrana, 87-si Belarusa, 60-ı Türkiyəyə, 43-ü Rusiyaya, 9-u Pakistana, 7-si Ukraynaya, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 2-si Gürcüstana, 2-si Niderlanda, 1-i Xorvatiyaya, 1-i İspaniyaya, 1-i Lüksemburqa və 1-i Misirə ünvanlanıb:

"İrandan idxal olunan portağal, bibər və kivi, Belarusdan gətirilən ərzaqlıq kartof, Türkiyədən idxal edilən naringi məhsullarında viruslar aşkarlandığı üçün ixracatçı və idxalatçı şirkətlərə müvəqqəti olaraq qadağa tətbiq edilib".
Q.Təhməzli vurğulayıb ki, bir çox hallarda Agentliyin nəzarət dairəsinə aid məhsulların ölkəmizə idxalı zamanı idxalatçı subyektlər tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinin öncədən öyrənilməməsi ciddi problemlər yaradır:

"Problemlərin aradan qaldırılması üçün xarici ticarət iştirakçılarının AQTA-nın rəsmi internet səhifəsindəki məlumatlarla tanış olmaları zəruridir". 

Agentlik sədri bildirib ki, bəzən də məhsullar respublikamıza digər dövlətlərdən ixrac edilməmişdən əvvəl ölkəmizdə tələb olunan təhlükəsizlik göstəriciləri zərərvericilər və heyvan xəstəliklərinə görə müayinə edilmir. Sahibkarın xarici ölkələrdə bağladığı müqavilə şərtlərinə əsasən, məhsulların təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlandıqda, geri qaytarılması tənzimlənmir. Bu isə məhsulların idxalı zamanı uyğunsuzluqların aşkarlanmasına və geri qaytarıla bilmədiyinə görə məhv edilməsinə səbəb olur.

Eyni zamanda AQTA sədri deyib ki, qida və yem məhsullarının yeni idxal qaydaları hazırlanıb:

"Təsdiq olunduqdan sonra bu qaydaların tətbiqinə başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində “Qida təhlükəsizliyi haqqında” Qanunla əlaqədar idxaldan əvvəl bildirişin, idxaldan sonra sənəd, eynilik və fiziki nəzarət tədbirləri nəticəsində idxal sağlamlıq aktının verilməsi funksiyası yaradılıb. Həmçinin yeni Qanunla bağlı “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı” təsdiq olunub. Artıq qida təhlükəsizliyi nəzarətinə aid edilən malların siyahısı genişləndirilərək yeni siyahıya uyğun tənzimlənir. 

Bununla yanaşı, Qazax və Xaçmaz rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazidə Qida Təhlükəsizliyinə Nəzarət Məntəqələrinin yaradılması davam edir. 

“Qırmızı körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsinin də inşasına başlanıb və tikintinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ölkəyə idxal olunan qida və yem məhsullarına nəzarətin Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı əməkdaşlıq şəraitində həmin məntəqələrdə həyata keçirilməsi planlaşdırılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO