“İctimai şuralar hansısa nazirə dəstək şurası deyil” – Deputatdan ETİRAZ 

“İctimai şuralar hansısa nazirə dəstək şurası deyil” – Deputatdan ETİRAZ 

Hazırda oxunan: “İctimai şuralar hansısa nazirə dəstək şurası deyil” – Deputatdan ETİRAZ 

145703

Artıq 10 ilə yaxındır ki, dövlət qurumları yanında ictimai şuralar fəaliyyət göstərir. Amma onların fəaliyyəti bu gün üçün elə də yüksək qiymətləndirilmir. Çünki təmsil olunduqları qurumun fəaliyyətinə təsir imkanları azdır.

Halbuki nazirliklərin fəaliyyətinə ictimai nəzarət etməklə, tənqid etməlidirlər. Müşahidələr göstərir ki, bütün ictimai şuralar illərdir ki, fəaliyyət istiqamətlərini aid olduqları qurumun bir strukturu kimi tandırlar. Ancaq aid olduqları qurumu tərifləməklə məşğul olan ictimai şuralar üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilmirlər. 

İctimaiyyətdə də zaman-zaman bununla bağlı narazılıqlar əks olunub. 

Milli Məclisin deputatı Etibar Əliyevin üzv olduğu Elm və Təhsil Nazirliyinin yanındakı İctimai Şuradan istefa verməsi məsələni bir daha gündəmə gətirib. Etibar Əliyevin açıqlamasına görə, qurumda qarşılaşdığı neqativlər və İctimai Şuranın yalnız Emin Əmrullayevin təsiri altında olması onu bu addımı atmağa vadar edib. 

Buna bənzər hal bu günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanındakı İctimai Şurada da yaşanmışdı. Azad İstehlakçılar Birliyiniin rəhbəri və AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov üzv olduğu İctimai Şuranın effektiv işləmədiyini açıqlamışdı:

“Artıq neçə aylardır ki, İctimai Şuranın heç bir iclasları keçirilmir. Ümumiyyətlə İctimai Şuranın üzvlərinin AQTA-nın mətbəxində gedən məsələlərdən informasiya almaq imkanları sıfır vəziyyətindədir. Orada gedən tenderlərdən belə xəbərimiz yoxdur.
Dəfələrlə AQTA-nın İctimai Şura sədrinin olduğu yerdə məsələ qaldırmışam, AQTA medianı ciddi izləməli və arxasınca getməlidir. Təssüflər olsun ki, İctimai Şura olaraq buna nail ola bilməmişik. Belə getsə, növbəti ildən İctimai Şuraya namizədliyimi verməyəcəyəm”, - deyə hüquq müdafiəçisi bildirmişdi. 

İcra hakimiyyətlərində yaradılmış ictimai şuralardan isə danışmağa dəyməz. Yerli icra strukturlarında bu qurum formal xarakter daşıyır. 

Milli Məclisin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələdə nazirliyin, yaxud icra hakimiyyətinin özü maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv qurum kimi fəaliyyət göstərsin:

“İctimai şuralar “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə görə formalaşıblar, amma zaman göstərdi ki, bunun mahiyyəti doğru anlaşılmadı. Əslində bu hansısa naziliyin və ya icra hakimiyyəti orqanının tərkibində məsləhət və ya məşvərət şurası deyil, yaxud hansısa nazirə dəstək şurası nəzərdə tutulmayıb. 

Orada olan proseslər ictimaiyyətin marağı baxımından müzakirə olunmalı və ictimai təmsilçiliyin təmin olunması vasitəsilə edilməlidir. Ona görə də burada bütün məsələlər qanunvericiliyə uyğun həllini tapmalıdır. Əks halda bu şuraların fəaliyyət göstərməsinin elə bir ciddi mənası qalmaz”. 

Deputat qeyd edib ki, son vaxtlar ictimai şuraların fəaliyyəti ilə bağlı nöqsanların dilə gətirilməsi, orada olan şəxslərin koorporativ maraqlardan çıxış edərək, tamamilə özünün hansı funksiya ilə təmsil olunmasını unutması özü də ciddi narahatçılıq doğurur:

“Bu ideyanı tamamilə gözdən salmaq, ictimai şuraları nüfuzdan salmaq, açığı xoşagələn bir hal deyil. Çünki həmin qurumlarda fəaliyyət göstərən bu şuralar bilavasitə həmin qurumların cəmiyyətlə işini, toplumla ünsiyyətini artırma məqsədi güdməlidirlər.

Bir sıra məsələlərdə də cəmiyyətin dəyərlərini orada prinsipial olaraq qorumaq funksiyasını yerinə yetirməidirlər. 

Amma heç bir ciddi təşəbbüs, müzakirə və yeniiliklərə imza atmayan addımlar atılır. Yalnız həmin qurumda olan vəzifəli şəxslərə öz maraqlarını təmin etmək üçün bu qurumdan istifadə edən ayrı-ayrı müəyyən şəxslərin də fəaliyyəti cəmiyyəti həqiqətən də narahat edir. Ona görə “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə yenidən baxmaq lazımdır. 

Bu cür fəaliyyət göstərən ictimai şuraların mənasızlığı və əhəmiyyətsizliyi müzakirə olunmalıdır. Burada həmin nazirliyin, yaxud icra hakimiyyətinin özü də maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv bir qurumlar kimi fəaliyyət göstərsin.

Əks halda bu ideyanın bir mənası qalmayacaq və sonradan bu, qanunu dəstəkləyənlər üçün də müəyyən dərəcədə xəyal qırıqlığına çevriləcək”. 

Qeyd edək ki, ictimai şuralar "İctimai iştirakçılıq haqqında" qanunda əksini tapıb. 2014-cü ildə qüvvəyə minən bu qanuna əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bu gün bəzi nazirliklərdə, komitələrdə, yerli icra hakimiyyətlərində artıq ictimai şuralar formalaşdırılıb.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO