Bakıda məişət zorakılığı zəmnində baş verən dəhşətli olayla bağlı məlumat vermişdik. 23 yaşlı Sabunçu rayon sakini Tamara Nəzərovaya qayınatası və qaynı tərəfindən sui-qəsd cəhdi olunduğunu xəbər vermişdik.
Qadının iddiasına görə qayınatası Vahab Manafov onu oğlundan və 1 yaş yarımlıq qız övladından ayırmaq üçün dəfələrlə şiddətə məruz qoyub, intihara sürükləyib. Övladını qoyub, evdən getməsi üçün təzyiq edib.
Sonuncu dəfə aprelin 9-u Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar qadına olmazın işgəncələr verərək ölümə tərk ediblər.
Vahab Manafov və Murad Manafov qadının əl-qolunu tutaraq ona esensiya (uksus) içiriblər. İşgəncə görən qadın buna əngəl olmağa çalışsa da, kimyəvi məhlul Tamara Nəzərovann gözlərinə, boğazına, boynuna və ayaqlarına tökülüb.
Vəziyyəti pisləşən Tamara Nəzərova təcili tibbi yardımla 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdirilib. Ağır yanıq xəsarətləri aldığı üçün 13 gün komada qalıb. İyunun 20-də isə evə buraxılıb.
Baş verən hadisə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və Bakı şəhər
Baş Polis İdarəsində istintaq başlayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Tamara Nəzərovanın gözünə uksus tökülməsi faktı təsdiqini tapmayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda FİLM kimi OLAY – Qayınata gəlinini oğlundan ayırmaq üçün gözlərinə UKSUS töküb KOR etdi – ÖZƏL
Qeyd edək ki, Bizim.Media-ya Tamara Nəzərovanın xəstəxanaya zəhərlənmə diaqnozu ilə daxil olduğunu təsdiqləyəcək sənədlər təqdim edilib.
Eyni zamanda məsələ ilə bağlı saytımıza danışan Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ruhəngiz Əliyeva da qadınla görüşdüyünü və gözlərinin görmədiyini, bədənində yanıq xsarətlərinin olduğunu təsdiqləyib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, xəstəxanada olmadığı halda pasient barədə hər hansı məlumat vermək səlahiyyətində deyillər.
Nədənsə, TƏBİB də sözügedən xəstənin klinikaya daxil olması, orada hansı diaqnozla müalicə aldığını gizlətməyə çalışıb. Amma Bizim.Media daxili araşdırması ilə faktı sübut edəcək dəlillər ortaya çıxarıb.
Tamara Nəzərovanı xəstəxanaya qəbul edən 1 saylı Şəhər Klinik Xəstəxanasının (Semaşko) toksikoloqu Savad Quliyeva saytımıza bu barədə açıqlama verib:
“Tamara Nəzərova sirkə turşusu ilə zəhərlənmə ilə qəbul edilmişdi. Daxil olanda vəziyyəti çox ağır idi və huşu özündə deyildi. Ağrı şokundan o durumda idi. İçmişdi və gözünə də dağılmışdı. Nə dərəcədə içdiyi və gözünə dağıdıldığını bilmirəm. Xəstəxanada 20 gündən çox qaldı. Gözünün buynuz qişasında problemi var.
Sağaltdıq və yola saldıq. Gözlərində dumanlılıq var. Göz həkimindən müalicəsini götürməlidir. Kislata ələ düşəndə necə olur? O da gözünün buynuz qişasını dağıtmışdı. Yanıq uzun müddət qalır. Kürək və qarın nahiyəsində, döş qəfəsində də yanqlar var idi. Daxilə də qəbul edilmişdi. Zəhərlənməyə görə də müalicə aldı”.
Qeyd edək ki, qadına şiddət göstərən ailə onu övladından da məhrum edib. Tamara Nəzərovanın tələbi azyaşlı övladına qovuşmaq və onu həyat işığından məhrum edənlərin cəzalandırılmasıdır.
Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Alçina Amilqızı, Bizim.Media