Mövsümlə əlaqədar insanlar istirahət üçün fərqli yerlərə üz tutur. Məktəblərin tətilə buraxılmasından sonra, iş yerlərindən məzuniyyət alan valideynlər ailələri ilə birgə istirahət etmək üçün ya bölgələrə, ya da müxtəlif ölkələrə axın edirlər.
Bəzi tur şirkətləri isə ənənəvi olaraq seçilmiş rayonlarda turistik məkanlanlara turpaketlər təşkil edir. Lakin istirahət heç də ucuza başa gəlmir.
Maraqlısı odur ki, ən çox ziyarətçisi olan istirahət məkanları qiymətləri hər il artırır.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır
Onun sözlərinə görə, artıq bu ilin əvvəlindən regional destinasiyalara yarım milyondan artıq səfər baş tutub ki, əcnəbilərin də sayında artım gözdən qaçmır:
“Ümumilikdə COVİD 19 pandemiyası turizm sənayesini çökdürsə belə onun müsbət təsirlərindən biri də, xaricə səfərlərdə məhdudiyyətlər və avia biletlərin bahalaşması fonunda, daxili turizm bazarının inkişafı oldu. Bu istiqamətdə artım yüzlərlə faiz təşkil edib. Turizm sektoru üçün yüksək mövsüm hesab edilən yaz-yay aylarında turizm fəaliyyəti canlanır.
Ölkənin bir çox bölgələrində yeni infrastrukturun yaradılması, mədəni irsin qorunması və bərpası istiqamətində xeyli işlər aparılır. Bunlar imkan verir ki, ölkə üzrə turizm təklifləri genişləndirilsin. Son illərdə kulinariya, aqrar, mədəni, ekoloji festivallara marağın artması ilə Azərbaycanın müxtəlif məkanlarında yeni turizm marşrutlarının formalaşması, olanların isə daha da populyarlaşması baş verir”.
Ekspert bildirir ki, təxmini olaraq, yay aylarının hər birində regionlara 100-120 min səfər baş tutur ki, bu il də göstəricilər artan tempdədir:
“Bizim hesablamalarımıza görə, artıq bu ilin əvvəlindən regionlara yarım milyondan artıq səfər baş tutub və bu rəqəm artmaqdadır. Statistikaya nəzər yetirsək görərik ki, yalnız may ayı ərzində ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 38% artım olub. Düşünürəm ki, yay aylarında bu rəqəm daha da yüksələcək.
Regionlarda turizm fəaliyyətləri bir neçə istiqamətə bölünür. Bunlar sırasında qısa və daha uzun müddətli turları fərqləndirə bilərik. Son illərdə ekoloji turizmə maraq artmaqdadır, təbii ərazilərin seyr edilməsi və gəzintilər, kənd yerlərində aqro-turizm fəaliyyətləri, mədəni irs nümunələrinin ziyarəti və digərlərini bu sırada sadalamaq olar”.
Samir Dübəndi vurğulayıb ki, bəzi hallarda xidmətlərin qiyməti və keyfiyyəti arasında mütənasiblik də pozulduğu üçün qiymətlər yüksəlir:
“Yayda istirahət mərkəzlərinə yüksək tələbin olması müşahidə olunur. Və əgər artan tələblər kifayət qədər təkliflərlə qarşılanmazsa, bu halda müxtəlif fəsadların baş verməsi mümükündür. Misal üçün, qiymətlərin artması, yerlərin çatışmamazlığı, tıxacların baş tutması və s.
Bir sıra hallarda qiymətlərə vətəndaşlar tərəfindən yalnış yanaşmalarla üzləşirik. Məsələn, 5 ulduzlu hotelin qiyməti arzu olunur ki, daha ucuz olsun, amma bu belə olmur. Ona görə də hotelçilik sahəsində yerləşmə vasitələrinin kateqoriyalaşması tələbləri mövcuddur. Yəni, ulduz kateqoriyaları arasında göstərilən xidmtələrin çeşidi və komfortun dərəcəsilə yanaşı, təbii ki, qiymət fərqinin də olması başadüşüləndir.
Digər tərəfdən, regionlarda kiçik və alternativ yerləşmə vasitələrinin sayının da az olduğu müşahidə edilir. Bu səbəbdən həmin seqmentdə rəqabət aşağıdır, təkliflərin sayı məhduddur.
Düşünürəm ki, kənd evləri, qonaq evləri, butik hotellər, çadır şəhərcikləri və digər yerləşdirmə vasitələrinin sayı artsa, rəqabət də artar və nəticədə alternativ qiymətlərin əmələ gəlməsinə nail ola bilərik”.
Röyanə Oğuz, Bizim.Media