Dərman içliklərinin əcnəbi dildə olmasında kimlər maraqlıdır? – AÇIQLAMA

Dərman içliklərinin əcnəbi dildə olmasında kimlər maraqlıdır? – AÇIQLAMA

Hazırda oxunan: Dərman içliklərinin əcnəbi dildə olmasında kimlər maraqlıdır? – AÇIQLAMA

142554

Xəbər verdiyimiz kimi “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilir. Bununla bağlı ötən gün Milli Məclisdə müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizə idxal edilən dərmanların içliklərinin əcnəbi dildə olmasına da toxunulub. 

Səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, dərman içliklərinin Azərbaycanca hazırlanması hələlik problem olaraq qalır. Nazir müavini fikrini belə əsaslandırıb ki, bu məsələdə istehsalçı şirkətlər o qədər də maraqlı deyil.
Lakin ekspertlərin rəyinə görə, bu məsələdə daha çox idxalçı şirkətlər maraqlı deyillər. Çünki, dərman idxal edən şirkətlər daha ucuz və sərfəli qiymətlərlə dərman gətirmək istəyirlər. Belə vəziyyətdə isə idxalçı şirkətlər izafi xərclərdən qaçmaq üçün içliklərin Azərbaycan dilində olmasına maraq göstərmirlər. 

Çox təəssüf ki, müvafiq dövlət qurumları, o cümlədən də Səhiyyə Nazirliyi də bu vacib məsələnin həllinə səy göstərmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov bu məsələdə Səhiyyə Nazirliyini qınayıb:

“Ölkəmizə idxal edilən bütün dərmanların içlikləri mütləq Azərbaycanca olmalıdır. Bunun lazımi səviyyədə icra olunması üçün də sadə yol var. Belə ki, idxalçı istehsalçı şirkətlə bağladığı müqavilədə bir bənd də əlavə edir ki, dərman haqqında məlumatlar Azərbaycan dilində olsun. 
Amma idxalçı şirkətlər nədənsə bu məsələdə maraqlı deyil. Bunun da iki səbəbi ola bilər. Ya idxalçı şirkət tərcümə üçün əlavə vəsait ödəmək istəmir, ya da ki, dərmanlar birbaşa istehsalçıdan tədarük edilmir. Bununla bağlı biz dəfələrlə məsələ qaldırmışıq, çağırışlar etmişik. Amma hələki bir nəticə yoxdur. 

Eyyub Hüseynov hesab edir ki, dərman içliklərinin Azərbaycan dilində olmaması birbaşa milli maraqlarımıza zərbədir:

“Çox təəssüf ki, qonşu Gürcüstan və Ermənistanda bu problem 15 il qabaq öz həllini tapıb. Amma bizdə bu məsələ hələ də açıq qalır. Xırda bir məsələnin həlli üçün müxtəlif bəhanələr gətirilir. İstehsalçı üçün içliyin hansı dildə olmasının elə bir əhəmiyyəti yoxdur. O malını satıb, pulunu qazanır. Nə sifariş edilirsə, o da o cür məhsul tədarük edir. 

Bu problemin sadə həll yolu ondan ibarətdir ki, idxalçı şirkətlərə xəbərdarlıq edilməlidir ki, içliyi əcnəbi dildə olan dərmanlar Azərbaycana buraxılmayacaq. Vəssəlam. Bununla da məsələ öz həllini tapacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO