Xəbər portalları xarici kəşfiyyatın girovuna necə çevrilir? - ARAŞDIRMA 

Xəbər portalları xarici kəşfiyyatın girovuna necə çevrilir? - ARAŞDIRMA 

Hazırda oxunan: Xəbər portalları xarici kəşfiyyatın girovuna necə çevrilir? - ARAŞDIRMA 

14200

Milli internet sayğaclarının yaradılması vacibdirmi? – Mütəxəssilər açıqlayır. 

İnternet resurları dövrün lütfü olmaqla bərabər həm də təhlükə mənbəyidir. Sığortalanmaq üçün təbiidir ki, başqa metodoloji layihələr də icra olunur. Bundan başqa informasiya yayımını və dalğasını ölçən media metriks layihələr də var ki, bu da başqa bir təhlükəni yarada bilir. Necə? 

Müasir dövrdə internet platformalarında müxtəlif səpgidə xəbər tapmaq olur. Bir ölkənin internet resursları onun cəmiyyəti haqqında əsas informasiyanı əldə etməyi asanlaşdırır.

Misal olaraq bir ölkəyə səyahət etmək istəyən bir fərd o mühüt haqqında internet vasitəsilə araşdırma apardıqda, demək olar ki, orada formalaşan yaşam tərzi haqqında asanlıqla məlumat əldə edə bilər. Bu, bir insan üçün əlverişli, rahat olduğu qədər, bir dövlət üçün təhlükə mənbəyinə çevrilə bilər.

Qeyd edək ki, lokal media qurumları “mediametrics.ru”, “liveinternet.ru” və digər xarici sayğac sistemlərinə qoşularaq xarici kəşfiyyata və ya ölkəni manipulyasiya etmək istəyən qüvvələr üçün əlverişli şərait yaradır.

Çünki bu zaman istənilən qurum ölkəmiz haqqında, insanların maraqları, təsir nöqtələrini asanlıqla öyrənə və ondan özləri üçün lazım olan nəticələri çıxara bilər.

Bu zaman hansısa informasiyanı daha qabarıq şəkildə təqdim etməklə onun kütləviliyini aşılamaq və gerçək durumu təhrif etmək mümkündür. 

Son zamanlar bu mövzu haqqında müxtəlif mülahizələr formalaşmaqdadır. Bir çox mütəxəssislərin fikrincə, Azərbaycanın daxilində bu cür milli sayğac sistemlərinin yaranmasına ehtiyac var. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür sistemlərə qoşulmaq media qurumlarının öz istəkləri ilə baş verir.

Onun sözlərinə görə, reytinq cədvəlində olan xəbərlər şişirdilmiş, süni yollarla da əldə edilə bilər:

“Məsələn, hansısa saytın proqramçısı elə edə bilər ki, nəşrin bir xəbəri yüksəyə də qalxa bilər, aşağı da enə bilər. Ona görə də reytinq cədvəlində olan nəticələri doqma kimi qəbul etmək olmaz. Yəni reytinq cədvəlinə görə, bir cəmiyyət haqqında tam, dəqiq məlumat əldə etmək bir az yanlışdır”.

Mütəxəssisin fikrincə, hər bir ölkədə milli internet sayğac sistemləri mövcud olmalıdır. O, bunun müasir dünya və texnologiyaların tələblərinə cavab vermək üçün də vacibliyini vurğulayıb.

“Bundan ötrü ölkəmizin daxilində lokal reytinq qurumunun yaranması daha yaxşı olardı. Bu zaman yerli saytlar da orada asanlıqla qeydiyyatdan keçərək, öz fəaliyətlərinə güzcü tuta bilər və digər xarici reytinq sayğaclarına ehtiyac qalmaz”.

İnternet Forumunun prezidenti  həmçinin qeyd edib ki, bu cür xoşagəlməz hallarla üzləşməmək üçün cəmiyyət xüsusi qaydada hazır olmalıdır. 
 

“Biz gözləməməliyik ki, gündəmimiz xaricdən, kənar qüvvələr vasitəsilə gəlsin, yəni süni gündəm yaradılsın. Reytinq cədvəlindən hansısa qüvvələr bir ölkənin cəmiyyəti haqqında müəyyən fikirləri əldə edə bilərlər.


Təsirə düşməmək üçün  bizim media qurumları, ictimai mühüt bu vəziyyətlərə daha dayanıqlı, güclü yanaşmalıdır. Bu risk həmişə var, ona görə də öz informasiya mühitimizi inkişaf etdirib dayanıqlı, güclü etməliyik”, - deyə, o, qeyd edib.

Millət vəkili Müşfiq Cəfərov isə bildirdi ki, bu gün cəmiyyətlər sürətlə sosiallaşır, hər şey asan əldə olunur, sosial media, şəbəkələr evimizin düz içərisindən xəbər verməyə qadirdir.

İnformasiya texnologiyalarının bu möcüzəsinin artıq mənfi tərəflərini də yaşayırıq: 

“Azərbaycanda demək olar ki, əksər saytlar xarici sayğac sistemlərinə qoşularaq, saytı idarə edir, fəaliyyətini formalaşdırır. Bu da təhlükəsizlik baxımdan elə də güvənli deyil. Çünki bu halda dünyanı idarə edən beyin mərkəzləri tərəfindən istənilən məlumatı əldə etmək asanlaşır.
 

Azərbaycanda iri saytlar istənilən xarici sayğaclara qoşularaq fəaliyyət göstərə bilir, yəni burada hər hansı bir qadağa yoxdu. Sayt rəhbərliyi tam sərbəst şəkildə hansı ölkənin sayğacı ilə fəaliyyət göstərəcəyinə özü qərar verir”.


Deputat ölkəmizdə milli sayğacların fəaliyyətini təmin edəcək qədər inkişaf etmiş və savadlı kadrların olduğunu da vurğulayıb.

O, qeyd edib ki, bu cür sayğacların yaradılması bilavasitə sayt rəhbərlərindən asılıdır.
 

“Ümumiyyətlə milli sayğacların yaradılması sayt rəhbərlərindən asılıdır. Bu elə ciddi bir vəsait tələb edən proses deyil. Bəli, artıq elə bir inkişaf tendensiyasına gəlib çıxmışıq ki, informasiya axınının qarşısı almaq mümkün deyil.


Yəni burada hər hansı məhdudiyyətlərdən söhbət gedə bilməz. Düşünürəm ki, ölkəmizdə milli sayğacların fəaliyyətini təmin edəcək qədər inkişaf etmiş və  savadlı kadrlar var”, - deyə M. Cəfərov vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO