Əslən Xankəndindən olan Zaur Hətəmov uzun illərdir ki, tətbiqi oyma sənəti ilə məşğul olur. İxtisasca rəssam olan Zaurun əvvəllər hobbi kimi yanaşdığı sənət sonralar onun işinə çevrilib. Necə deyərlər, gözünün nurunu, qolunun gücünü sərf edib, yaratdığı əsərlərdən qazandığı pulla ailəsini dolandırır.
O deyir ki, əvvəlki illərə nisbətən həm sənətə maraq göstərən, həm də müştərilər çox azalıb. Səbəb kimi isə müasir dəzgahların çoxalmasını göstərir:
"Müasir avadanlıqların çoxalması əl işləməsinə olan tələbatın azalmasına gətirib çıxarır. Taxta üzərində naxışların işlənməsi kompüter avadanlıqları ilə daha tez həyata keçirilir. Yəni bir ustanın iki günə görəcəyi işi dəzgahlar bir neçə saata həll edir. Bu da müştərinin daha ucuz və tez başa gələn işə yönəldir. Həmin qiymətə iş görmək isə biz ustaları qane etmir".
Taxta və ağaclardan müxtəlif əşyalar düzəldən oymaçı-rəssam əl işləri sifariş edənlərin az olmasına baxmayaraq həmin müştərilərin işə yaxşı qiymət verdiyini də dilə gətirir:
"Nərd, mücrü, kreslo, döşəmə üzərində naxışlar, məhəccər, pilləkən və s. sifarişlər olur. Müştərilərim isə ya əl işinə - yəni orjinallığa önəm verənlər, ya da maddi imkanı yaxşı olan insanlar olur. Adətən, sifarişlər hədiyyə edilməsi üçün verilir. Ölkənin bir çox nüfuzlu şəxsləri tərəfindən sifarişlər qəbul edib təhvil vermişəm. Bir daha qeyd edim ki, sifarişlər əvvəlki illərə nisbətən çox azalıb. İndi biz bu sənətlə qazanmaq yox, dolanmaq üçün məşğul oluruq. Həmsöhbətimizin sözlərinə görə qazanc faktoru yaradıcılığın bu sahəsinə maraq salanların sayının azalması ilə nəticələnir. Çox az sayda qabiliyyətli gənclər bu sənəti öyrənmək üçün müraciət edir.
Vətən Müharibəsi iştirakçısı İntiqam adlı gənc onun sonuncu şagirdidir. Ondan əvvələ qədər Zaur usta uzun illər tək işləyib.
Özü də müharibə iştirakçısı və vətənpərvər ruhda böyüdüyü üçün işlədiyi əsərlərinin böyük əksəriyyətində milli arqumentlərdən və Vətən müharibəsinin simvollarından istifadə edir:
"Mərhum atam Vaqif müəllimin təyinatından sonra ailəmiz Xankəndindən Tərtər rayonuna köçüb. Vətən müharibəsi başladıqdan sonra yaşadığımız kənd cəbhə kəndi olub. Çox çətinliklərlə üzləşsək də sənəti tərk etməmişəm. Ömrümün sonuna qədər də sənəti yaşadacam. İki ən böyük arzum var, onların biri ata-baba yurdum olan Xankəndində emalatxana açıb orada davam etməyimdir. Əminəm ki, o günlər çox uzaqda deyil".
Onun digər arzusu ölkədə, xüsusi ilə regionda tətbiqi oyma sənəti dərnəyinin yaranması və bu sənətin əvvəlki şöhrətini bərpa etməsidir. Biz də ustanın arzularına qoşulur və ümid edirik ki, regionun ən böyük dərnəyi də, emalatxanası da Xankəndi şəhərində yaradılacaq.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu