Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Hazırda oxunan: Ali Məhkəmənin İnzibati Kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

137965

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə növbəti dəfə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsində təsbit edilmiş mexanizmdən istifadə olunmasına qərar verib. 

Bu barədə Bizim.Media-ya Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyənləşdirilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin İnzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

Hazırda mübahisəli hüquqi məsələ konkret inzibati iş üzrə cavabdeh tərəfindən apelyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinin əsaslandırılmış şikayət hesab edilməklə Ali Məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü ilə bağlıdır.
İşə baxan məhkəmə tərkibi həmin məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu qənaətinə gəlib.

Belə ki, icraat iştirakçılarının verdiyi kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyasının əksər işlər üzrə tətbiq etdiyi yanaşma ondan ibarətdir ki, şikayətin məzmununda işin hallarının, məhkəmənin gəldiyi nəticənin göstərilməsi, o cümlədən maddi və prosessual hüquq normalarına onların şikayətdə sadalanması yolu ilə istinad edilməsi həmin şikayətin mümkün hesab edilməsi üçün kifayət edir. 

Hazırda işə baxan məhkəmə tərkibi isə hesab edir ki, kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, başqa sözlə, normaların yalnız sadalanması ilə kifayətlənilməməli, apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normaya və nəyə görə zidd olması lazımi qaydada əsaslandırılmalıdır. 

Məhkəmə tərkibi, həmçinin hesab edir ki, şikayətin mümkünlüyü ilə bağlı məsələ həm də mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll olunmalıdır.

Əks yanaşma, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaratmaqla bağlı funksiyasının və rolunun əhəmiyyətsizliyinə gətirib çıxarar, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməyə imkan verən hüquqi mexanizmlərin əhəmiyyətini heçə endirər.

Odur ki, baxılan iş üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin mövqe kifayət qədər müddət ərzində tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin həmin təcrübə ictimaiyyət üçün əlçatan və tərəflərə bəlli olduqda, əgər kassasiya şikayəti həmin təcrübə nəzərə alınmadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilməli və baxılmaq üçün icraata qəbul olunmamalıdır. 

Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsinə uyğun çıxarılmış qərarlardan verilmiş şikayətlər təcrübəni dəyişməyə yönəlmiş heç bir əhəmiyyətli yeni faktiki hallara və hüquqi əsaslara istinadla əsaslandırılmamışsa, həmin şikayət “formal” xarakter daşımaqla, məhkəmə prosesinin müddətinin uzanmasına, şəxslərin pozulmuş hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq işlə yüklənməsinə və əlavə məhkəmə xərclərinin sərf olunmasına gətirib çıxarır, ədalət mühakiməsinin keyfiyyətinə neqativ təsir edir. 

Beləliklə, “əsaslandırılmış kassasiya şikayəti”nin hansı meyarlar əsasında müəyyən edilməli olması və bununla bağlı yeni hüquqi mövqenin qəbul edilməli olub-olmaması məsələsi ortaya çıxmışdır. 
Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib. 

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2023-cü ilin iyunun 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir. 

Rəylər yazılı qaydada Ali Məhkəmənin İnzibati Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO