Xəbər verdiyimiz kimi, mayın 23-də Prezident İlham Əliyev tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqlənib.
Bizim.Media xəbər verir ki, dəyişikliklərə əsasən, qanuna bir sıra yeni əlavələr edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək
Yeni əlavələrdə nəzərdə tutulan ən mühüm məqamlardan biri isə kibertəhlükəsizliklə bağlıdır.
Belə ki, artıq kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Burada diqqət yetirilməli məsələlərdən biri də kibertəhlükəsizlik xidməti provayderi dedikdə hansı qurum və şəxslərin nəzərdə tutulmasıdır. Bu məsələ qanunun 2-ci maddəsində öz əksini tapıb.
Həmin maddəyə əsasən kibertəhlükəsizlik xidməti provayderi dedikdə kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən və kritik informasiya infrastrukturu subyekti ilə bağlanılmış müqavilə əsasında onlara kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər nəzərdə tutulur.
Kibertəhlükəsizlik provayderi kimi fəaliyyət göstərən qurumlarda çalışanların Azərbaycan vətəndaşı olmaları nə üçün böyük önəm kəsb edir?
Qeyd etdiyimiz kimi, kibertəhlükəsizlik xidməti provayderi dedikdə, yalnız kritik informasiya infrastrukturuna kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər başa düşülür. Nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən qurumlar strateji əhəmiyyətə malikdir. Həmin qurumların məlumatlarının qorunması və kibertəhlükəsizliyinin qorunması məhz bu səbəbdən önəmlidir.
Çünki bu qurumların fəaliyyətində funksionallığının pozulması ciddi problemlərə yol aça bilər. Ona görə də, qanuna müvafiq dəyişikliklərə uyğun olaraq, dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə həssas və prioritet məsələ kimi baxılması zəruridir.
Beləliklə, kibertəhlükəsizlik xidməti provayderinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətində iştirak edən əməkdaşlarının Azərbaycan Respublikasının vətəndaşı olması ilə bağlı Qanunun tələbini bir sıra aspektlərdən vacib hesab edə bilərik:
1.Milli təhlükəsizlik maraqlarının qorunması;
2.Xarici ölkə və subyektlərdən asılılığın azaldılması zərurəti;
3.Mövcud və proqnozlaşdırılan təhdidlərin, risklərin minimuma endirilməsi.
Onu da qeyd etməliyik ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə milli resurs və həllərə üstünlüyün verilməsinə, analoji tələblərin tətbiq olunması təkcə ölkəmizə xas addım deyil. Əksər inkişaf etmiş ölkələrin təcrübəsində də oxşar metoda rast gəlinir.
Bizim.Media