İnfeksionist xəbərdalıq etdi: “Tezliklə SMS icazə ilə məcbur evə qapanacağıq”

İnfeksionist xəbərdalıq etdi: “Tezliklə SMS icazə ilə məcbur evə qapanacağıq”

Hazırda oxunan: İnfeksionist xəbərdalıq etdi: “Tezliklə SMS icazə ilə məcbur evə qapanacağıq”

13742

Son bir həftədə ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Hətta bir neçə gündür ki, yoluxanların sayı sağalanları ötür. Millət vəkili Cavid Osmanov Azərbaycanda karantin rejiminin yenidən sərtləşdiriləcəyini deyib.

Deputat hesab edir ki, yoluxma sayındakı artım davam edərsə, Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər.

 

MÖVZU İLƏ BAĞLI:

“Metro açılmalı, maska tələbi yığışdırılmalıdır” – İlqar Məmmədov


Avropa ölkələri koronavirusun geniş vüsət alması səbəbindən artıq sərt karantin rejiminə start veriblər. Çox sayda fəaliyyət sahələri qapanıb və insanların küçəyə çıxması yasaqlanıb. 

Ekspertlər hesab edir ki, Azərbaycanda da qabaqlayıcı tədbirlər çərçivəsində sərt karantin rejiminin tətbiq edilməsi məqsədəuyğun olardı. Son günlər yoluxma zəncirinin qırılması bunu deməyə rəvac verir.  

 

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında deyib ki, insanlar təmas məsələsində məsuliyyətli olmasa, sərt karantin rejiminin tətbiq olunmasına gərək var:


“Fevralın 15-dən universitetlər, məktəblər və bağçalar açılanda, yoluxmanın artırılacağı proqnozlaşdırılırdı. Çünki koronavirusun gizli dövrü təxminən 14 gündür. Əgər fevralın 15-də təhsil müəssisələri fəaliyyətə başlayıbsa, üzərinə 14-15-gün gələndə martın əvvəli edir. Üstəlik qarşıdan bayram günləri gəlir.

8 mart, çərşənbələr və Novruz bayramında yoluxmadakı artımları müşahidə edəcəyik. İnsanlar bir-birini ziyarət edəcək, qapalı məkanlarda bayram şənlikləri keçiriləcək, bir sözlə təmaslar artacaq. Yoluxma ilə bağlı hazırki durumla ciddi qapanmalara istəməzdim gedilsin.

Amma ötən il yaz aylarında gündəlik yoluxma 300 nəfər civarında olanda sərt karantinə gedilmişdi. Hətta o dövrdə SMS icazə sistemi də tətbiq olunmuşdu. Əslində ciddi qapanmaların tətbiq olunmasını arzulamazdım. Bu insanlara iqtisadi və psixoloji cəhətdən mənfi təsir göstərir.

 

Sərt karantinə gedilməyəndə də yoluxma artır, səhiyyə sistemi yüklənir, insanlar həm müalicə, həm dərman almaq, həm də yaxınlarını itirmək sarıdan əziyyət çəkirlər”. İnfeksionist insanları məsuliyyətli və anlayışlı olmağa çağırıb:


“Qarşıdan bayramlar gəlir. Ziyarətləri, təmasları azaltmalıyıq. Yalnız az təmasla yoluxmanın qarşısını ala bilərik. Bunun əksi baş verərsə, bayramdan sonra sərt karantin və SMS icazə ilə məcbur evə qapanacağıq. Yay aylarında küçəyə çıxmaq istəyiriksə, indi daha diqqətli olmalıyıq. İnsanlar öz aralarında bu anlayışı tətbiq etməlidirlər”.

Yaz aylarında immunitetin zəiflədiyini vurğulayan həkim koronavirusa yoluxmada bu halın da təkan verəcəyini gizlətməyib:

“Vitaminləri mövsümi meyvələrdən alırıq. Hazırda isə mövsümi meyvələr azdır. Çoxu isə payız aylarında dərilib saxlanılanlardır ki, onlarda da vitamin dəyəri çox aşağıdır. Bir sözlə mart ayı insan orqanizminə keçid dövrüdür.Bu dövrdə insanların bir çox xəstəliyə yoluxma şansı çoxalır".

"Əgər qarşıdakı günlərdə sərt karantinə getmək istəmiriksə, buna şərait yaratmamalıyıq. Mart ayında daha ciddi olmalıyıq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bayram ərəfində sərt karantin rejiminin tətbiq edilib-edilməyəcəyi ilə bağlı rəsmi məlumat verməyib. 

Alçina Amilqızı, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO