Quba rayonunun Alekseyevka kəndindəki 17 saylı körpələr evi-uşaq bağçasının binasında ilanlar məskən salıb.
Bu barədə Bizim.Media-ya bağçada tərbiyə alan uşaqlardan birinin valideyni məlumat verib.
Mövzu ilə bağlı fikirlərini bölüşən baxçanın müdiri Səadət Hüseynova da problemin olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, uşaq bağçası 1939-cu ildə inşa edilmiş köhnə, qəzalı binada yerləşir:
“Bağça isə 1969-cu ildən burada fəaliyyət göstərir. Bağçanın əsas korpusunda 3 qrupda 55 uşaq tərbiyə alır ki, onlardan 15-i körpələrdir. İlanlar elə əsas korpusun divarlarında görünür, vaxtaşırı otaqlara çıxır. İlanlarla mübarizəni özümüz aparırıq ki, uşaqları vurmasınlar”.
Səadət Hüseynova onu da bildirib ki, uşaq bağçaları 2021-ci ilin sonundan rəsmi olaraq Elm və Təhsil Nazirliyinin balansına verilib.
Bu səbəbdən uşaq bağçasında ilanların yuva salması ilə bağlı Quba-Xaçmaz Regional Elm və Təhsil Şöbəsinə məlumat verilib. Onların tapşırığı ilə gəlib bağçanın ərazisində və otaqlarda dezinfeksiya işləri aparılıb və qarşıdakı həftənin birinci günü də dezinfeksiya işləri davam edəcək.
17 saylı uşaq bağçası üçün yeni binanın tikilməsi isə vacibdir. Çünki yeni bina tikilməzsə, buradakı çoxsaylı ilanların kökünü kəsmək mümkün olmayacaq.
Sözügedən məsələyə Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev münasibət bildirib.
Onun sözlərinə görə, Alekseyevka kəndindəki 17 saylı uşaq bağçası-körpələr evində ilanların olması ilə bağlı video son 2-3 aydakı vəziyyəti əks etdirmir:
“Bağçanın ərazisində dezinfeksiya işlərinin və sürünənlərə qarşı digər tədbirlərin aparılmasından sonra ilanlara rast gəlinməyib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.
“İlan hər yerdə var”, - deyən Rüfət Hacıyev ilanların uşaq bağçısında məskən salmasının səbəbi kimi, binanın köhnə olması məsələsini istisna etməyib. O bildirib ki, bölgədə bu bağçadan daha qəzalı durumda bağça binaları var və onların hamısı tədricən yenilənəcək.
Konkret olaraq Alekseyevka kəndindəki körpələr evinə yeni bina tikilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edilib-edilməməsinə gəlincə...
Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev nazirliyin Qubadakı təsərrüfat hesablı tikinti və təchizat idarəsinə müraciət etməyimizi məsləhət gördü.
Həmin idarədən isə sektor müdiri Anar Həmidli isə bununla bağlı müraciət edə bilməyəcəklərini qeyd edib:
“Regional idarədən soruşun, sifarişçi onlardır".
Bir sözlə, ilanların yuva saldığı Alekseyevka uşaq bağçasınınyenilənib-yenilənməməsi məsələsi hələ də cavabsız qalır.
Mövzunu diqqətdə saxlayacağıq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu