Şadlıq evlərini qorxuya salan “komsomol toyu” GERİ QAYIDIR? – ARAŞDIRMA 

Şadlıq evlərini qorxuya salan “komsomol toyu” GERİ QAYIDIR? – ARAŞDIRMA 

Hazırda oxunan: Şadlıq evlərini qorxuya salan “komsomol toyu” GERİ QAYIDIR? – ARAŞDIRMA 

136836

Son vaxtlar şadlıq evləri toyun azlığından gileylənirlər. Şadlıq evlərindən verilən məlumata görə əvvəllər ay ərzində 20-25 toy olurdusa, indi bu rəqəm 10 civarındadır. 

Bundan başqa toyların həcmi də kiçilib. Əvvəllər 400-500 və hətta 600 nəfərlik toylar daha çox olurdusa, hazırkı toyun iştirakçıları təsadüf haldı 300 nəfəri keçir. İnsanlar 200-250 nəfərlik toyları daha çox üstün tuturlar. İndi oğlanla qızın toyunun bir yerdə olmasına da çox rast gəlinir. Əvvəllərsə belə hallara nadir olaraq rast gəlinirdi. 

Ekspertlərin fikrincə, toylarınn azalmasının bir sıra sosial-iqtisadi səbəbləri var.

Birincisi, şadlıq evlərində qiymətlərin çox baha olması insanları təmtəraqlı toylardan çəkindirir. Hazırda Bakıdakı şadlıq evlərində adambaşına menyu qiyməti orta hesabla 80-100 manatdır.

Bu isə real qiymətdən çox bahadır. Normalada 100 manata 3 nəfər istənilən restoranda yeyib, əylənə bilir. Amma şadlıq evlərində bir nəfərin 100, 200 və hətta daha baha qiymətlə qidalandırılması fikri məntiqdən çox uzaqdır. Bu vaxtadək ortabab şadlıq evində toy eləmək toy sahibinə 35-40 min manata başa gəlirdi. 

İkincisi, insanların sosial durumu qənaətbəxş deyil. Ona görə də insanlar toy edərkən yersiz xərclərdən qaçmağa başlayıb. Hazırda bir qız toyu orta hesabla 40-50 min, oğlan toyu isə 30-40 minə başa gəlir. Bu qədər xərci isə hər ailə qarşılaya bilmir.

Üçüncüsü, insanların, xüsusən də gənclərin indiki toylara baxış tərzi dəyişib. İsrafçılıqla müşayət olunan toy mərasimlərinin yekununda təzə evlənənlər borclu duruma düşürlər. Və bu qədər xərci qarşılamaqsa gənclər üçün olduqca böyük yükdür. 

Üstəlik, şadlıq evlərindəki “əl yandıran” qiymətlər fonunda iki gəncin həyatlarındakı ən əlamətdar günləri heç nə ilə yadda qalmır. 5-6 saat məclisin yuxarı başında, hamının gözü qarşısında sıxılmış və donuq vəziyyətdə oturub onun-bunun şənlənməsinə həsədlə baxan bəylə gəlin təbii ki, bu ağrılı prosesdən heç bir həzz almır. 

Əksinə, bu üzücü durumun tezliklə yekunlaşmasını istəyir. Ona görə də indiki gənclər təmtəraqlı toylardan qaçaraq sevdikləri ilə istədikləri məkanda başa-başa qalmağa, bu günlərin dadını çıxartmağa daha çox üstünlük verirlər. 

Əslində, bu cəmiyyətimiz üçün yeni hal deyil. Yaşlı nəsil xatırlayır ki, ötən əsrin 70-80-ci illərində “komsomol toyu” dəbi yaranmışdı. Evlənən iki cütlük yaxın ətrafı, cavan dostları ilə bir məkana yığışır, nikahlarını qeyd edirdi. Əsasən şirniyyat stolu ilə keçən bu toylarda heç bir izafi xərc olmurdu. 

Dostlarının və valideynlərinin “toy payı” isə yeni evlənənlərinin gələcək xərclərinin bir qismini qarşılayırdı. Amma bu gün heç də hər kəs toydan qazanclı çıxmır. Hətta toy xərcinə görə şadlıq evlərində bəylə gəlinin girov saxlanıldığı hallarına da rast gəlinir.

Bu mənada “komsomol toyu”nun qayıtması günün sosial sifarişidir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu 20 ildir indiki toy mərasimlərinə qarşı mübarizə apardığını qeyd edib:

“Son vaxtlar şadlıq evlərində keçirilən toylar sosial bəla idi. Toyun mahiyyəti, toyun missiyası tamam başqadır. Lakin, şadlıq evlərində təşkil edilən toylarda nə ənənə vardı, nə millilik vardı, nə də ki, ədəb-ərkan. 

Üstəlik bu toylar cəmiyyətdə bir gərginlik yaradırdı. Çünki, əhalinin orta əmək haqqı onun çörəyinə ancaq çatır. İnsanlar toypayı üçün məcburən başqa yollara əl atırdı. Ona görə də şadlıq evlərində  toyların sayının azalması və həcminin kiçilməsi çox sevindirici haldır. Bu azalma onunla bağlıdır ki, əhali artıq başa düşür ki, onlar övladlarına toy yox, şadlıq evlərinə biyara işləyirlər.

Bahalı menyular, yersiz israfçılıq göz qabağında idi. Bir sözlə toylar ancaq şadlıq evlərinin sahiblərinə xidmət edirdi. Valideynlər toydan sonra uzun müddət şadlıq evinə çəkilən xərclərin əvəzini çıxmaqla məşğul olurdu. Ona görə də toylarımızın formasının dəyişməsi çox yaxşı haldır”.

Əhməd Qəşəmoğlu toyların azalmasının bir səbəbini də gənclərimizin düşüncə tərzinin dəyişməsində görür:
 

“İndiki gənclər daha yaradıcı düşünür. Onlar toyun daha yaddaqalan olmasını istəyir. Daha çox əylənmək, sevinib-gülmək istəyir. Lakin, son 30 ilin toy modeli bunu inkar edirdi. Bu illərdəki toylar ancaq israfçılıq, bəhsəbəhslik və əlavə problemlərdir. 


Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi başda olmaqla müvafiq təşkilatlar yeni toy modelinin hazırlanmasına çalışsın. Bu model əsasən 2 gəncin xoşbəxtliyinə, onların yeni həyata başlanğıcına maddi və mənəvi dəstək olsun. Çalışmaq lazımdır ki, toy 2 gənc üçün ömürboyu xatırlanacaq ən əziz, ən gözəl anların məcmusu olsun”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO