“Soyad sonluqlarının dəyişdirilməsi üçün dövlətin qərar qəbul etməsinə ehtiyac yoxdur” – DEPUTAT 

“Soyad sonluqlarının dəyişdirilməsi üçün dövlətin qərar qəbul etməsinə ehtiyac yoxdur” – DEPUTAT 

Hazırda oxunan: “Soyad sonluqlarının dəyişdirilməsi üçün dövlətin qərar qəbul etməsinə ehtiyac yoxdur” – DEPUTAT 

136087

“Soyad sonluqları ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilməsinə ehtiyac yoxdur. Hökumətin yetərincə yükü və xeyli məsuliyyəti var. Bunu da dövlətin üzərinə qoymaq düzgün deyil”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev soyad sonluqlarının milliləşdirilməsi və problemin birdəfəlik həlli ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda rus sonluqlu soyadlar nə zaman qadağan olunacaq? - AÇIQLAMA


Deputatın sözlərinə görə, bəzi məsələri konkretləşdirib, məcburi hala salmaq xeyirdən çox ziyan verir:

“Elə insan var ki, onun soyadı ilə adı arasında fərq bilinmir. Dəyişiklik elə aparılmalıdır ki, adla soyad arasında fərqlənmə olsun. Əgər o fərqlənmirsə, bir qədər dolaşıqlıq və çaşqınlıq yaradacaq. Onsuz da bu məsələ zaman-zaman həll olunur. Yeni doğulan uşaqlarda soyadlar milliləşir. Bunu təbii axara buraxsaq, məsələ öz həllini tapacaq. İnsanları bu məsələdə nəyəsə məcbur etmək isə düz olmaz və bu insan iradəsinə, təbii azadlığına qarşı çıxmaq kimi dəyərləndirilə bilər. Onu da deyim ki, bu gün vətəndaşın soyadının milli olmaması onun milli insan olmaması anlamına gəlmir”. 

Razi Nurullayev bu məsələdə paralel olaraq maarifləndirmə işinə də ehtiyac olduğunu vurğulayıb. 

O, qeyd edib ki, media, ictimai və hökumət təşkilatları, icmalar, ekspertlər və deputatlar ictimaiyyətdə bu istiqamətdə təbliğatlar aparsa, daha yaxşı olar. 

Qeyd edək ki, soyad insanın hansı nəslə, kökə, millətə mənsub olduğunu bildirən rəsmi məlumat həmçinin milli kimliyin daşıyıcısıdır. “-ov”, “-yev” sonluğu ilə bitən soyadlardan imtina etmə məsələsi uzun illərdir ki, həllini tapmır. Sovet dövründən qalmış soyad sonluqlarından birdəfəlik imtina edilməsi ilə bağlı məsələ Azərbaycanın müstəqillik əldə etməsindən sonra aktuallaşıb.

Milli Məclisdə bir neçə dəfə məsələ müzakirəyə çıxarılıb. Lakin məsələyə dair qanun layihəsi hazırlayıb qəbul etmək mümkün olmayıb. 

Xatırladaq ki, Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. 2022-ci ilin ilk 2 ayında isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO