Bakıda havanın çirklənməsi bu xəstəliklərin artmasına səbəb oldu – HƏYƏCAN SİQNALI

Bakıda havanın çirklənməsi bu xəstəliklərin artmasına səbəb oldu – HƏYƏCAN SİQNALI

Hazırda oxunan: Bakıda havanın çirklənməsi bu xəstəliklərin artmasına səbəb oldu – HƏYƏCAN SİQNALI

135465

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hava çirkliliyi hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur. Beynəlxalq hesabatlara görə, Azərbaycanda ən çirkli ərazi Abşeron yarımadasıdır. Ən çirkili 3 bölgə isə Bakı, Sumqayıt və Gəncə şəhərləri hesab olunur.  

“Numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2022” adlı hesabatda isə Azərbaycan şəhərlərindən yalnız paytaxt Bakının adı qeyd olunub. Bakı çirklənmə səviyyəsinə görə, 353 şəhər arasında 74-cü sırada qərarlaşıb. Paytaxtımızın çirklənmə indeksi 75,61 faiz olub. 

Bəs Bakı şəhərində havanın çirklənməsi nə ilə əlaqədardır? Bu durum insan orqanizmində hansı fəsadlar yaradır? 

“Ölkəmizdə istehsal olunan yanacaq da havanın çirkləndirir”

Mövzu ilə bağlı suallarımızı cavablandıran tibb üzrə fəlsəfə doktoru, terapevt-həkim Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, meqapolislərdə və əhalinin sıx yaşadığı yerlərdə yanacaqla işləyən avtomobillərin çoxluğu atmosferin çirklənməsinə təkan verir:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda havanı ən çox kimlər çirkləndirir? – ADLAR


“Son illər ölkəmizdə istehsal olunan və yanacaqdoldurma məntəqələrində istehlakçılara satılan avtomobil yanacağının kəmiyyət və keyfiyyət göstəriciləri normativə uyğun deyil və bu, havanın çirklənməsində əsas rol oynayır.

İctimai iaşə müəssisələrində hazırlanan yeməklərin çoxu odunla bişirilir və ocaqdan çıxan tüstü, eləcə də zavod və fabriklərdə işləyən mexanizmlərin havaya buraxdığı çirkləndirici məhsulların çoxluğu da ekoloji sistemə böyük zərbə vurur”.
“Ermənistanın 44 günlük müharibəbə tətbiq etdiyi kimyəvi və fosfor raketlər də havanı çirkləndirib”

Həkimin sözlərinə görə, dünyada baş verən müharibələr, mütamadi həyata keçirilən hərbi təlimlər, uzunmənzilli raket sınaqlar atmosferin uzun müddət çirklənməsinə səbəb olan əsas amillərdir:

“Həmçinin 44 günlük müharibə zamanı Ermənistan ordusunun mülki vətəndaşlarımıza qarşı qadağan olunmuş kimyəvi və fosfor tərkibli raketlərdən istifadə etməsi ölkəmizin atmosferinə böyük təsir edib. Buna görə də ölkəmizdə çirklənmənin fəsadları cidd şəkildə özünü büruzə verməkdədir”.

“Son illər havanın çirklənməsi şəkər diabetli xəstəliklərin artmasına səbəb olub”

ÜST-nin son hesabatlarına istinad edən müsahibimiz qeyd edib ki, son 20 ildə dünya atmosferində 50 faizdən çox çirklənmə qeydə alınıb:

“Biz norma olaraq 16 faiz oksigen qəbul etməliyik, amma karbon-dioksid, azot-1 oksid kimi kimyəvi tullantıların miqdarı qədər çoxalıb ki, oksigenlə bərabər bədənimizə daxil olur və orqanizmdəki özünü tənzimləmə mexanizmlərini pozur. Bu da bədəndə xroniki yorğunluq sindromunun kütləvi xarakter almasına səbəb olur.

Eyni zamanda, yuxarı tənəffüs yollarının selikli qişasının ciddi zədələnməsi, onlarda allergiya proseslərinin artması, selikli qişada geriyə dönməz və yuxarı tənəffüs yollarında, alt və əsas terminal bronxlara qədər gedən yollarda ciddi zədələnmələr baş verir”. 

Terapevt-həkim onu da vurğulayıb ki, son illər havanın  kəskin çirklənməsi Azərbaycan əhalisi arasında bəzi xroniki, həmçinin şəkər diabetli xəstəliklərin artmasına səbəb olub:

“Çirkli hava şəkərli xəstələrdə şəkərin giper-klinik formasının aşağı düşməsinə imkan vermir. Orqanizm reseptorları zəhərli hava qazları ilə o qədər zəbt olunur ki, təyin olunan dərmanları qəbul edə bilmir və şəkər xəstələri ciddi əziyyət çəkir. Digər xroniki xəstəlikləri olan şəxslər də eyni prosesdən əziyyət çəkirlər”.  

“Atmosferin çirklənməsinin qarşısını almaq mümkün olmasa da,...”

Həkimin fikrincə, atmosferin çirklənməsinin qarşısını almaq mümkün olmasa da, yaşıllıqlar artırılmalı, ağac və meşə zolaqları zənginləşdirilməlidir: 

“Bu kimi işlərin görülməsi atmosferin müəyyən qədər təmizlənməsinə gətirib çıxarır. Çünki, yaşıllıqlar havadakı çirkli elementləri müəyyən qədər öz üzərinə çəkir.

Ancaq ölkəmizdə yaşıllıqların məhv edilməsi və ağacların kütləvi kəsilməsi halları baş verdiyi üçün atmosferi təbii təmizlənməsi mümkün olmur. Buna görə də belə halların qarşısı alınmalı və sərt qadağalar tətbiq edilməlidir. Bakı şəhəri kimi meqapolislərdə yaşıllıqlara toxunmaq olmaz və onları qorumaq lazımdır”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO