Sabah Bakıda “Formula-1” üzrə Azərbaycan Qran Prisi başlayacaq. Ölkəmizin idman həyatında əlamətdar hadisə olan bu tədbir sosial həyatımıza da təsirsiz ötüşmür.
Belə ki, yarışların keçirdiyi günlərdə şəhərin mərkəzində və mərkəzə yaxın yerlərdə hotellərin və sutkalıq kirayə verilən mənzillərin kirayə haqları kəskin bahalaşır.
Ənənə bu il də davam edir. Artıq yarışların təşkil edildiyi ərazilərdə kirayə mənzillərin qiyməti 4-5 dəfə və daha çox bahalaşıb.
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, hər il “Formula-1”in keçirildiyi günlərdə yarışın keçirildiyi ərazilərdə gündəlik kirayə haqları bir neçə dəfə bahalaşır:
MÖVZU İLƏ BAĞLI:
Ucuz ev almaq istəyənlərə ŞAD XƏBƏR
“Yol üstündəki eyvanlı evlər daha baha kirayələnir. Çünki, eyvandan daha çox yarış ərazisini izləmək olur. Həm də açıq havada və yol qırağından yarışı izləmək o qədər də həyəcanverici olmur.
Amma bir qədər yuxarıdan və komfortlu eyvanlardan yarışı izləmək daha həyəcanlıdır. Qeyd edək ki, adi günlərdə 50-100 manata verilən mənzillər yarış günlərində sutkası 300 manata və daha baha qiymətə verilir”.
Elnur Fərzəliyev onu da qeyd etdi ki, bu ərazilərdə sutkası 50-100 manata mənzil kirayələyənlər əsasən əcnəbilərdir:
“Bu da onunla bağlı olur ki, ailəlikcə mərkəzdə mənzil kirayələmək, hansısa oteldə qalmaqdan daha ucuz başa gəlir. Bir də iş yerinə daha yaxın olmaq istəyənlər şəhərin mərkəzində mənzil kirayəyə götürürlər. Təbii ki, bu da yerli əhalinin gəlirlərinə müsbət təsir edir. “Formula-1” yarışlarının keçirildiyi günlərdə isə mənzil sahiblərinin gəlirləri daha da çoxalır”.
Surxay Atakişiyev, Bizim.Media