“Adili yuxularımda görürəm, qaçıram amma ona çata bilmirəm” – Xocalı şahidləri - VİDEO

“Adili yuxularımda görürəm, qaçıram amma ona çata bilmirəm” – Xocalı şahidləri - VİDEO

Hazırda oxunan: “Adili yuxularımda görürəm, qaçıram amma ona çata bilmirəm” – Xocalı şahidləri - VİDEO

13204

“Son günlər onu yuxuda tez-tez görürəm. Elə blirəm ki, Adil gedir, yüyürürəm arxasıyca ki, onu tutum, ancaq  çata bilmirəm. Sonra görürəm ki, yuxudu. Onu bir daha görsəydim, qucaqlayıb duz kimi yalayardım”.

Həmin o qanlı gecə Nadir Rəşidovun qardaşı Adili və onun 25 yaşlı oğlu Nazimi də qara köksünə basıb, yox edib. Nadir qardaşı ilə son dəfə Xocalıda görüşür:

“Sonuncu görüşümüzdə atam ona yalvardı ki, ermənilər Xocalını yandıracaqlar, gəl, sən Xocalını tərk et. Qardaşım buna etiraz etdi. Çox nikbin insan idi. Dedi mən öz torpağımdan necə çıxım. Ətraf rayonlara sığınmağa getsəm, bəs, mənə deməzlər ki, öz torpağını atıb gəlmisən?”

 

MÖVZU İLƏ BAĞLI:

“Qayıtsam, papağımı qaytararsan...” - Xocalı qəhrəmanlarını unutmayaq - VİDEO


Nadir o gecə qardaşının itkin düşməsindən ürək yanğısı ilə danışır. Onun gözlərində ki, yorğunluq, kədər hər cümləsində hiss olunur.

Kaş ki, o ömründə bir dəfə də olsa qardaşını bağrına basıb, ürək dolusu onun ətrini ciyərlərinə çəkə bilərdi.

Bəlkə, bəlkə ondan sonra 26 fevralda Xocalıda basdırdığı qəlbi rahatlıq tapar.

“O gecə qardaşım Rəşidov Adil Məmməd oğlu və onun oğlu Rəşidov Nazim Adil oğlu qanlı gecənin qaranlığına qərq oldular. O gecədən sonra onların nə ölüsündən, nə də dirisindən bir xəbər olmadı. Biz çox yerə müraciət etdik, ancaq heç bir çarəsi olmadı. Mənim üçün ən acılı tərəfi qardaşım kimi yüzlərlə insanın o qanlı gecədə itkin düşüb, qətl edilib, başlarına min oyun açılmağıdır. Bunlar hamısı məni ağrıdır”.

Qardaşı və balasının taleyindən nigaran qalan Nadir, bütün Beynəlxalq təşkilatlardan kömək istəyir.

O onları itkin düşən insanların telelərinə biganə qalmamağı, onların axtarışı üçün bütün imkanlardan istifadə etməyə çağırıb.

“Bəlkə də onların içində sağ qalanlar var, heç olmasa onları qaytarsınlar”, - o hələ də ümidini itirmədən qardaşının yolunu gözləyir.

“Ana yurdu itirmək çox çətindir. Arzulayıram ki, o torpaqlara geri qayıdaq, çadırda yaşayaq ancaq o torpaqların havasını udaq, suyunu içək”.

Xocalı... İllər keçsə də hər zaman Azərbaycanın qanayan yarası olacaqsan. Sən bir gecə də insanları Xocalıya çevirdin.

Onlar müharibədə qalan insanlardır, cisimləri həyatın axarına düşüb yollarını davam etsə də bir parçaları hər zaman Xocalının qanlı torpağında ilişib qalacaq.

Hələ də gözləri yollarda qalan xocalılar...

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO