Bu il mayın 5-dən respublikamıza idxal edilən, həmçinin ölkəmizdə istehsalı, emalı və dövriyyəsi həyata keçirilən genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyatına başlanılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA tərəfindən həyata keçiriləcək qeydiyyat proseduru ilə bağlı tələb edilən sənədlərlə maraqlananlar və digər məlumatları almaq istəyənlər Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya edilmiş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya edilmiş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq qaydada qeydiyyata alındıqdan sonra icazə verilir. Qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi isə qadağandır.
Belə ki, sözügedən Qanuna uyğun olaraq, qeydiyyatdan keçirilməyən məhsulların ölkəmizə idxalına, həmçinin respublikamızda istehsalına, emalına və dövriyyəsinə məhdudiyyətlər tətbiq ediləcək.
Qanunda həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasına idxal edilən, eləcə də ölkəmizdə istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya edilmiş orqanizmlər mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir.
Bizim.Media