Azərbaycanda yaşayan gürcülər Pasxanı necə qeyd edirlər? - FOTO/VİDEO

Azərbaycanda yaşayan gürcülər Pasxanı necə qeyd edirlər? - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda yaşayan gürcülər Pasxanı necə qeyd edirlər? - FOTO/VİDEO

131064

Bu gün Azərbaycanda yaşayan gürcülər də ənənəvi Pasxa bayramını  qeyd edirlər. Qax rayonunun gürcülər yaşayan Meşəbaş, Qaxbaş, Alatəmir, Qarameşə, Kötüklü və Əlibəyli kəndlərində yaşayan gürcü əsilli Azərbaycan vətəndaşları Pasxa bayramını keçirirlər.

Bu yolda Bizim.Media-ya jurnalist Leyla Abdullayeva bələdçilik edib.

Bu da təsadüfi deyil. Həmkarımız Leyla Qaxın Qaratala kəndində beynəlmiləl ailədə doğulub. Onun anası Baliçko Beriqaşvili azərbaycanlı Vəfadar Abdullayevlə ailə həyatı qurub və xanım Baliçko indi uzun illərdir Abdullayeva  soyadını daşıyır.

Baliçko Abdullayeva Azərbaycanda yaşayan gürcülərin Pasxa adətlərindən  Bizim.Media-ya ətraflı danışıb.

Onun sözlərinə görə, bu gecə Qaxın gürcülər yaşayan 6 kəndindəki kilsələrdə İsa Peyğəmbərin çarmıxa çəkiləndən sonra  dirilməsi bayram edilib:

“İnanca görə, İsa peyğəmbər cümə günü çarxa çəkildiyindən ötən gün də   İsa peyğəmbərə yas saxlayıblar. Bu zaman ağır iş görülmür, iynə, sabun işlədilmir. Üç günün tamamında yenidən dirilən İsa peyğəmbərin  qayıtması münasibəti ilə  gecə kilsələrdə ibadət edilir, şam yandırılır və dualar edilir. Bu gün isə Pasxanın bayram günüdür”.

Qax sakini deyir ki, gürcü kəndlərində  bu gün hamı bir-birinə qonaq gedir, bayramlaşır və sevinclərini bir-birilə bölüşürlər:

“Adətən  burda hər hansı evə gedən qonaq ev sahibinə gürcü dilində "kriste ağsdğa", yəni İsa peyğəmbər  yenidən dirildi" sözlərini deyir. Ev sahibi də həmin dildə "çeşmatitad", "özünü peyğəmbər kimi doğruldaraq, təsdiq edərək gəldi" ifadəsini işlədir. Pasxa bayramı günü gürcülər neçə vaxtdan bəri saxladıqları üzüm çaxırı olan küpü  açmağı çox sevirlər. Küp açılandan sonra böyüklər çaxırın dadına baxırlar və  süfrəyə qoyurlar. Bayram süfrəsi hər evdə səhər saatlarından açılır və gecəyədək davam edir. Süfrəyə mütləq Pasxa adlı bayram şirniyyatı, müxtəlif ləziz yemək və çərəzlər düzülür. Bayram süfrəsi gürcü kəndlərində axşamüstü küçədə də açılır. Bütün qonşular bir yerə yığışır, hərə öz bişirdiyindən bura gətirir və birgə bayram şənliyi keçirirlər.

Azərbaycanda Novruz bayramında olduğu kimi, gürcülərin Pasxa bayramında da balaca uşaqlar çox sevinir, onlar  qapı-qapı gəzib pay yığırlar. Uşaqlara bayram payı kimi konfet, qırmızı boyanmış yumurta və Pasxa şirniyyatı verilir. Hər uşaq evə  bir vedrə konfet və yumurta ilə qayıdır".

Baliçko Abdullayeva bayramın səhərinin  isə ölüləri yad etmə günü olduğunu deyir. Onun sözlərinə görə, hərə qəbristanlıqda öz ölüsünü yad edir, ruhunu anır və məzarı üstə qırmızı yumurta və Pasxa şirniyyatı gətirir.

Gürcü əsilli Baliçko Abdullayeva bayramda edilən bütün dualarda Azərbaycanın Qarabağ münaqişəsində verdiyi bütün şəhidlərinin ruhunun hörmət və ehtiramla anıldığını da   bildirdi.
Məlumat üçün deyək ki, tolerantlığı ilə bütün dünyaya nümunə olan Azərbaycanda bu gün xristian dini icmasının üzvləri Pasxa bayramını çox sərbəst və rahat şəkildə qeyd edir, Görünən odur ki, Azərbaycanda bütün milli azlıqlar kimi, xristianlar da öz din azadlığından qanunauyğun şəkildə istifadə edir, bayramlarını rahat  keçirirlər.

Bu gün mərkəz Bakıda yaşayan pravoslavlar kimi, bölgələrdə də - Xaçmazda xristianlar, Qəbələnin Nic kəndində udilər, Qaxın 6 kəndində gürcülər və diğər yerlərdə yaşayan xristian dini icma üzvləri Pasxanı qarşılayıb bayram edirlər.

Bu, bütün dünyaya  müstəqil Azərbaycanın  həqiqətən, sözdə yox, əməldə də tolerant olmasına gözəl nümunədir. Bu tolerantlığın başında isə Ulu Öndər Heydər Əliyev dühasından bəhrələnmiş  Azərbaycan Prezidenti İlham Əliyev durur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO