Bütün dünya provaslavları kimi Azərbaycanda yaşayan xristian dini icmasının üzvləri Pasxa bayramını qeyd edirlər. Xaçmazda yaşayan xristianlar da bu gecəni oyaq qalaraq kilsədə Pasxa mərasimlərini həyata keçiriblər.
Xaçmaz şəhərində yerləşən Nikolay Uqodnuk adına kilsədə bu gecə böyük qələbəlik yaşanıb. Kilsənin keşişi Georgi atanın iştirakı ilə dini ayinlər həyata keçirilib.
Xaçmaz rus icmasının sədri Azər Navinin Bizim.Media-ya verdiyi özəl məlumata görə, bu gecə xristianlar kilsədə 33 yaşında çarmıxa çəkilən və 3 gün sonra dirilən İsa peyğəmbərin şərəfinə müxtəlif dini ayinləri icra ediblər. Dini musiqi sədaları altında ayinləri icra edən hər bir xristian bununla İsa peyğəmbərə sitayişini və hörmətini izhar etməyi özünə borc bilib.
Səhərədək dini ayinləri həyata keçirən Xaçmaz xristianları bu gün səhər tezdən bayram süfrəsinə əyləşib, Pasxa bayramına hazırlanmış kuliç, boyanmış yumurta və digər bayram nemətlərindən dadıblar.
Xaçmaz rus icması sədrinin sözlərinə görə, bayram bir həftə davam edəcək. Bir həftənin tamamında kilsənin rəhbəri Georgi ata başda olmaqla hamı qəbristanlığa yığışacaq və ölən əzizlərini ziyarət edib ruhlarını anacaqlar.
Qeyd edək ki, Xaçmaz kilsəsində bu gecə Pasxa ibadətiində yerli xristianlarla yanaşı, rayonun müsəlman sakinləri də iştirak edib. Onlar da xalqımızın xoş rifahı, dövlətçiliyimizin qorunması və güclənməsi üçün dualar edib, xristianları Pasxa bayramı münasibəti ilə təbrik ediblər.
Bu, bir daha Azərbaycanın tolerant ölkə, 25-ə yaxın etnik azlıq və millətin yaşadığı Xaçmazın da tolerant rayon olduğunun əyani nümunəsidir.
Xaçmaz polisi də bu gecə kilsədə bayram ibadəti edən insanların təhlükəsizliyini qoruyub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu