Qubada “Səməniatdı

Qubada “Səməniatdı" mərasimi keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Qubada “Səməniatdı" mərasimi keçirildi - FOTO/VİDEO

128529

Qubada tarixən mövcud olan "Səməniatdı" adlanan xalq mərasimi bu gün də baş tutub.

Bizim.Media xəbər verir ki, hava yağışlı, küləkli və soyuq olsa da Quba sakinləri, şəhərin xanım qonaqları Qudyalçayın üstünə gələrək Novruzda cücərtdikləri səmənini axar suya atıblar.

Yerli sakinlərin sözlərinə görə, hər il Novruz bayramından 14 gün sonra, aprel ayının 2-də Qudyalçayın üstünə gəlib ürəklərində arzu-dilək  tutaraq Novruz səmənisini suya atmaq məhz Qubaya, qubalılara məxsus xalq adətidir.
Bu il havanın qeyri-münasib olması belə qubalıları qorxutmayıb, dəstə-dəstə  su başına  gələn qız-gəlin bayram səmənilərini axar çaya atıb, çay başında insanlara konfet və şirniyyat paylayıblar. Bunun da  rəmzi  mənası var.

Səmənilərini suya atan hər kəs ürəyində arzu-dilək tutur. Arzusu çin olan, niyyəti hasil olan insan növbəti "Səməniatdı"da gəlib burada şirniyyat paylayır.

Adətin yaddaqalan xüsusiyyəti elə  budur. Bu gün də arzusu çin olanlar Qudyalçayın üstündə bura gələnlərə konfet paylamaqla arzularının həqiqətə çevrilməsini sevinclə qeyd ediblər.

"Səməniatdı"ya gələnlər arasında olan Qubanın İkinci Nügədi kənd sakini Nuriyyə Abdullayeva Bizim.Media-ya məlumat  verib ki, bu adət haqda uşaqlıqdan eşidib, valideynlərindən bu barədə çox məlumat alıb, böyüyəndən sonra isə həmişə səməni cücərdərək arzu-diləyini tutub, arzusu çin olanda isə konfet paylamaq üçün çay üstünə gəlib.

68 yaşlı Nuriyyə Abdullayeva çay başında səməni ataraq etdiyi üç böyük arzusunun da həqiqət olduğunu vurğulayıb.

Nuriyyə Abdullayevanın Bizim.Media-ya təqdim etdiyi videoda Quba sakini Zeynəbxanım Turabova da bu adət-ənənəni Quba camaatının illərdir yaşatdığından danışıb.

Bəli, qubalılar bu gün "Səməniatdı" mərasiminə qatılaraq  Novruz səmənilərini suya atıb arzu tutdular, niyyəti yerinə yetənlər isə çay başına şirniyyat xonçası ilə gəldilər...

İllərdən bəri yaşanan bu gözəl adət daha bir gününü yaşadı.
 

 











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO