"Son yağıntılar çaylardakı sululuğu artıracaq" - Mütəxəssisdən AÇIQLAMA

Hazırda oxunan: "Son yağıntılar çaylardakı sululuğu artıracaq" - Mütəxəssisdən AÇIQLAMA

128368

"Son 2 gündə respublikada müşahidə  olunan yağıntılı hava ölkənin yaz əkin sahələrinin suvarılmasını təmin edərək respublikada ümumi quraqlığın aradan qaldırılmasına müsbət təsir göstərdi".

Bu açıqlamanı Bizim.Media-ya Xızı rayon suvarma sistemləri idarəsinin rəisi Fərrux Haqverdiyev verib.

Onun sözlərinə görə, təbiətin bu surprizi yay aylarında quraqlıq sarıdan korluq çəkməyəcəyimizə işarədir.

Fərrux Haqverdiyev ölkədə dövlət səviyyəsində quraqlıq və su cəhətdən müşahidə olunan çətinliyi aradan qaldırmaq üçün vaxtında tədbir görüldüyünü də vurğulayıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə şimal bölgəsində Taxtakörpü su anbarının, Naxçıvan, Tovuz, Şəmkir, Cəlilabad və digər rayonlarda müxtəlif həcmli su anbarlarının, su tutarlarının inşası ölkədə su ehtiyatlarının artmasına öz müsbət təsirini göstərib. Sadəcə  təbiətin son illər  yağıntı sarıdan yaratdığı quraqlıq müəyyən çətinliklər ortaya çıxarıb".

İdarə rəisi həmçinin son 2 gündə müşahidə edilən yağıntının məhz anbar və su tutarlarında yığılmasına səbəb olacağını da deyir.

"Konkret olaraq, son iki gündə şimal bölgəsinin dağlıq ərazilərinə yağan qarın əriməsi çaylarda sululuğu artıraraq Şabran ərazisindəki Taxtakörpü su anbarına yığılacaq ki, bu da su ehtiyatının  artması deməkdir. Dövlət başçısının Sərəncamı ilə Azərbaycanda Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, "Azərsu" və "Meliorasiya və Su Təsərrüfatı" ASC-lərin bu qurumda birləşməsi ölkədə içməli su, texniki və suvarma suyuna olan tələbatı tam ödəmək üçün vahid mərkəzdən idarə olunmaqla ümumi vəziyyətin tam stabil olacağına müsbət zəmin yaradacaq", - deyə F.Haqverdiyev qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO