31 mart Azərbaycanlıların Soyqırımı günü Qusarda soyqırım qurbanlarının xatirəsinin anılması ilə başlayıb.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Qusar İH başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət , şəhid ailələrinin nümayəndələri iştirak edib.
İştirakçılar 1918-ci ildə Quba rayonunun Digah kəndi ərazisindəki Qanlı dərədə erməni yaraqlıları ilə qeyri-bərabər döyüşlərdə həlak olan günahsız insanların xatirəsinə salınmış Qusardakı abidəni ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra iştirakçılar Qusar şəhərindəki Rəsm qalereyasında soyqırım tarixinə aid sərgi ilə tanış olub.
Qusar İH başçısı Şair Alxasov çıxışında 1918-ci ildə ermənilərin Quba şəhərindən sonra Qusar istiqamətinə yaxınlaşarkən Qanlı dərə - indi Givi deyilən ərazidə yerli sakinlərin ciddi təzyiqi ilə üz-üzə qalmalarından danışıb.
"Bu zaman qubalıların köməyinə Qusar nahiyəsindən də yüzlərlə insan gəlib. Nəticədə silahlı ermənilərlə döyüşdə minlərlə əliyalın Quba və Qusar sakini həlak olub. Onlar əliyalın olsalar da həyatlarından keçərək erməni yaraqlılarının irəliləməsinə imkan verməyiblər".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu