Bayram günündə hansı millət vəkili ehtiyatsızlıq edib özünü yaralayıb? - AÇIQLAMA 

Bayram günündə hansı millət vəkili ehtiyatsızlıq edib özünü yaralayıb? - AÇIQLAMA 

Hazırda oxunan: Bayram günündə hansı millət vəkili ehtiyatsızlıq edib özünü yaralayıb? - AÇIQLAMA 

126453

Novruz xalqımızın ən qədim və milli bayramıdır. Bu bayramı yüz illər boyu xalqımız Yeni İlin gəlişi kimi qeyd edib. Məhz milli bayram olduğu üçün xalqımız Novruza xüsusi bir təmtəraqla hazırlaşıb. İnsanlarda sanki belə bir inanc formalaşıb ki, bu bayramı qəm- qüssə, səliqə- sahmansız keçirmək olmaz. Elə bir insan tapılmaz ki, Novruz bayramı ilə bağlı xatirələri olmasın. Buna görə də Novruzla bağlı bəzi siyasətçilərin fikrini öyrəndik, xatirələrini eşitdik.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Novbuzla bağlı xatirələrini Bizim.Media-ya danışarkən bildirdi ki, Novruz mənim üçün özəl olduğu qədər də qürur mənbəyidir:
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Novruz bayramıdır


Sabir Rüstəmxanlı Novruzla bağlı sonsuz xatirələrinin olduğunu dedi:

“Fikir verin əksər ölkələrdə yeni ili qeyd edəndə ağacı kəsib gətirir evində süni ab-hava yaratmaq istəyirlər. Üstəlik, həyatda heç bir canlanma olmur. Amma Novruzda təbiət oyanır. Və bu oyanışı insanlarımızın hər biri şəxsi həyatlarında hiss edir. Biz onlardan fərqli olaraq ağac kəsmirik, ağac əkirik. Ağac əkə bilməyənlər səməni əkir. Yəni Novruz insanlara dirilik, yeni arzular gətirir. Üstəlik türklərdə Novruza bir ay qabaqdan hazırlıqlar başlanır. 4 çərşənbə təntənə ilə qeyd edilir. Hər çərşənbənin adına uyğun rituallar keçirilir”.

Sabir Rüstəmxanlı: - İndi də həmin çapıq üzümdə qalır

“Məsələn, vaxtilə kəndlərimizdə atəşfəşanlıq üçün heç bir imkan yox idi. Ona görə də biz məşəllər düzərdirdik. Hətta bir Novruz axşamı həmin məşəllərin birinin çubuğu sifətimə girmişdi. Və indi də həmin çapıq üzümdə qalır. Bundan başqa əsgi parçalarından  top kimi düzəldib, yandırardıq. Sonra da onu göyə fırladırdıq. Bu bizim o zamankı atəşfəşanlığımız idi. Təbəssümlə xatırladığım hadisələrdən biri axır çərşənbənin səhəri günü atları çayda çimizdərmiyimiz və axar su üstündən atlanmağımızdır. “Ağırlığımı, uğurluğumuz suda qalsın” deyirdik. Çünki, nənə-babalarımız deyirdi ki, Novruz axşamı su dəyişir”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: - Onun dadı indi də damağımdan getməyib

“Əvvəllər bu bayram daha kaloritli, yaddaqalan şəkildə qeyd edilirdi. Mənim yeniyetmə və gənclik illərim Qərbi Zəngəzurda  keçib. Biz Novruza bir ay əvvəldən hazırlaşırdıq.  Xüsəsən də axır çərşənbə təmtəraqla qeyd edilirdi. Bizdə çərşənbə axşamı halva hazırlanırdı. Bundan başqa şəkərburadan bir qədər iri şirniyyat bişirilirdi. Onun dadı indi də damağımdan getməyib. Axır çərşənbədə hamı özünü çox intizamlı aparırdı. Hər kəsə tapşırılırdı ki, yaxşı sözlər danışsınlar.  Çünki, insanlar qohum-qonşuya qulaq falına gedirdilər.  Bizim kənd dağ yamacında olduğundan bayram tonqalları evin damında qurulurdu. Hamı çalışırdı ki, tonqalı daha gur olsun. Tonqal zəifləyəndə vacib idi ki, hər bir ailə üzvü tonqalın üstündən atlasın. Əsgi şar düzəldərdik. Yandırıb havaya fırladırdıq. Bu da gecə saatlarında kəndin üzərində maraqlı mənzərə yaradırdı. Təbii ki, sevdiyim Novruz rituallarından biri torba atmaq, digəri isə yumurtda döyüşdürmək idi. Hə bir də bayram günü dirədöymə oynayardıq.  Heyf o günlərdən... Gözəl ənənələr vardı”.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev: - Kəndin bu başından o başına torba atmağa gedərdik

“Novruz barış bayramıdır. Yadımdadır ki, kəndimizdə bu gün bütün küsülülər barışardı. Heç araçı da olmazdı. Hamı bir-birinin əlini sıxıb, yeni ildə arzularına çatmağı diləyərdi. Bəlkə də Novruz yeganə bayramdır ki, hamının üzü gülərdi. Xüsusən də uşaqların. Çünki, uşaqlar  bu bayramda doyunca əylənərdi. Kəndin bu başından o başına torba atmağa gedərdik. Bütün qohum qonşuya bayram sovqatı paylayırdıq. Əvəzində də bir o qədər sovqat alırdıq. Nəticədə, bir adamın evində olmayan neməti başqasından sovqat şəklində alırdı. Yəni hər kəs olanını böyük həvəslə paylaşırdı. Çox təəssüf ki, indi bu ənənələr aradan qalxıb. Heç kim olanını qonşusu, qohumu ilə paylaşmaq istəmir”.

YAP funksioneri Elman Nəsirovsa: - Barıtını çox eləmişdim, atmaq istəyəndə əlimdə partladı

“Novruz mənim üçün əsas və birinci bayramdır. Ona görə də Novruzla bağlı xatirələrim çoxdur. O zaman “part-part” deyilən şey hazırlayırdıq. İndiki partladıcı oyuncaqlar kimi. Necə olmuşdusa mən də bir dəfə “part-part”ın barıtını çox eləmişdim. Onu göyə atmaq istəyəndə əlimdə partladı və sol əlimi yaraladım. Yadımdadır ki, yumurta döyüşdürərdik. Kimin yumurtası bərk idisə o hamının yumurtasını udurdu. Biz də yumurtanın bərkliyin yoxlamaq üçün əvvəlcə dişimizə vururduq, sonra 7-8 gün torpağa basdırırdıq ki, qabığı bərkisin. Neçə il mən bu fənd ilə xeyli yumurta yığdım”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO