“Artıq bəşəriyyət hidrogen enerjisindən istifadə etməyə məcburdur. Bu gün dünya sıfır karbon emissiyalarına gedir, istilik effekti yaradan qazların emissiyaları sıfra yaxınlaşdırılmalıdır”.
Bunu Bizim.Media-ya müsahibəsində AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Yaşıl enerji təbliğatı fonunda neftə artan TƏLƏBAT – Səbəb nədir?
Qeyd edək ki, Paris İqlim Sazişinə görə, 2050-ci ildən başlayaraq ölkələr üçün “sıfır karbon” kimi hədəflər müəyyən edilib. Bundan əlavə, Avropa İttifaqı 2026-cı ilin sonundan sıfır karbon tətbiq edəcək və ixrac məhsullarının karbon izinə nəzarət edəcək. Bu kontekstdə dünyada karbon emissiyalarının çox aşağı miqyasda olması vacibdir.
İslam Mustafayev bu sahədə Azərbaycanda hansı işlərin görüldüyündən, hidrogen enerjisindən istifadənin vacibliyindən və ölkəmizin bu sahədə olan imkanlarından danışıb:
“Əgər üzvi yanacaqlar yanarkən karbon qazı kimi iqlim dəyişmələri yaradan qaz buraxılırsa, hidrogenin yanma məhsulu sudur. Hidrogen enerjisinin üstün cəhətləri onun yüksək istiliktörətmə qabiliyyətinə malik olması, ən önəmlisi isə ekoloji cəhətdən təmiz enerji mənbəyi olmasıdır”.
Azərbaycanda hidrogendən enerji alınması üçün yetərli qaynaq və maraq varmı?
İslam Mustafayev bildirib ki, hidrogenin əsas qaynağı sudur, ayrı-ayrı hallarda metan, hidrogen-sulfid, ehtiyatları hələ də zəngin olan kömür və digər hidrogen-tərkibli təbii resurslar və tullantılar var:
“Marağa gəlincə isə, artıq bu maraqla qiymətləndirilmir, bəşəriyyət bu yanacaqdan istifadə etməyə məcburdur. Azkarbonlu enerji və ya texnologiyalar bütün dünyanın diqqət mərkəzindədir.
20-ci əsrin 70-ci illərindən başlayaraq mərkəzi ABŞ-ın Miami şəhərində yerləşən “Dünya Hidrogen Assosiasiyası” professor Nicat Vəziroğlunun başçılığı ilə çox geniş miqyaslı tədqiqatlar aparılır. Keçmiş SSRİ-də bu tədqiqatlar akademik V.A.Leqasovun, Azərbaycanda isə akademik M.Rüstəmovun rəhbərliyi ilə aparılıb”.
Müsahibimiz bildirib ki, Radiasiya Problemləri İnstitutunda bu sahədə 50-dən çox ixtiraya müəlliflik Şəhadətnaməsi alınıb, yüzlərlə məqalə dərc olunub.
Hidrogendən enerji almaq bahalıdırmı?
Professorun sözlərinə görə, mövcud texnologiyalarla hidrogendən enerji almaq bahalıdır:
“Hidrogenin alınması proseslərinin səmərəliliyi 20-60 faiz arasındadır. Doğrudur ayrı-ayrı laboratoriya eksperimentlərində daha yüksək səmərəliliyə nail olmaq mümkündür, amma bu metodların praktikada tətbiqi bəzi çətinliklərlə bağlıdır. Bu çətinlikləri aşmaq üçün isə tədqiqatlar aparılır”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan iqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasına qoşulub, 2016-cı ildə Paris Anlaşmasını imzalayıb, Avropa İttifaqının “Yaşıl sövdələşmə” Təşəbbüsünə də üzvük:
“Azərbaycan üzərinə istilik effekti yaradan qazların emissiyalarının azaldılması öhdəliyini götürüb. Bu sahədə ciddi elmi-tədqiqat və Layihə-konstruktor işləri aparılır.
Bütün dünya, o cümlədən Azərbaycan bu sahədə yatırımlar edir. İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl iqtisadiyyat”ın inkişafı, Alternativ enerji növlərinin geniş tətbiqi , “Böyük qayıdış Proqramının” böyük bir hissəsi bu enerji növlərindən geniş istifadəni nəzərdə tutur. Bu Proqramların həyata keçirilməsi son nəticədə hidrogen enerjisi üçün də geniş üfüqlər açacaq”.
Aygün İbrahimli, Bizim.Media