Hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur, illər bir-birinə bənzəmir. Bunu elə son 10 ilin statistikasında görmək olar.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır.
"Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.
U.Tağıyeva qeyd edib ki, ilk tonqalın su çərşənbəsində qalanması buzların əriməsinin, qışın arxada qalmasının göstəricisidir. Amma bu il fevral ayı son ongünlüyündə də öz “mövqeyini əldən vermir”.
Elə bu həftənin ortalarında qısa müddətə qış soyuğu hiss olunacaq, qar yağıntısı bir çox bölgələrimizi əhatə edəcək.
“Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.
Xidmət rəisi Su çərşənbəsində respublikanın çaylarında sululuq haqqında da məlumat verib.
“Qışda ümumiyyətlə çaylarda aşağı sululuq olur, dağlarda mənfi temperatur və yağıntı qar şəklində olduğu üçün bəzi çayların mənbəyi donur. Belə ki, Kiçik Qafqaz çaylarında sululuq ongünlük normanın 73, Lənkəran-Astara bölgəsi çaylarında isə 26 faizini təşkil edir.
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsində digər ərazilərlə müqayisədə bu il daha çox yağıntı müşahidə olunub ki, bu da çayların sululuğuna təsir edib.
Hazırda bölgənin əsas çaylarında sululuq ongünlük normanın 147 faizini təşkil edir. Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ongünlük normanın 76 faizini, Qanıx-Cəlayir məntəqəsində isə 33 faizini təşkil edir”.
Xidmət rəisinin sözlərinə görə, su yer üzündə ən möcüzəvi maddədir. Rəngsiz, dadsız, qoxusuz olan su canlılar üçün yaşayış mühitidir.
U.Tağıyeva dünyada su qıtlığının müşahidə olunduğu bir vaxtda hər kəsi sudan maksimum qənaətlə istifadə etməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 21.02.2023
Hava şəraiti kəskin DƏYİŞİR: Qar yağacaq
Hazırda oxunan: Hava şəraiti kəskin DƏYİŞİR: Qar yağacaq
Hazırda oxunan: Hava şəraiti kəskin DƏYİŞİR: Qar yağacaq
121702
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.