“Meyxana dili siyasətdə, mediada, kinoda, kitab bazarında at oynadır” – AQŞİN YENİSEY

“Meyxana dili siyasətdə, mediada, kinoda, kitab bazarında at oynadır” – AQŞİN YENİSEY

Hazırda oxunan: “Meyxana dili siyasətdə, mediada, kinoda, kitab bazarında at oynadır” – AQŞİN YENİSEY

121682

Bu gün Beynəlxalq Ana dili Günüdür. Bəzi mülahizələrə görə, texniki tərəqqi, qloballaşma problemləri və bir çox siyasi təzyiqlərdən dolayı, Yer üzündə mövcud olan 7 minin üstü dilin taleyi sual altındadır. Yaxın 100 ildə əksər dillər öz funksionallığını itirərək tarixin arxivinə gömüləcək. İşlək olaraq 30-a yaxın dilin sağ qalması proqnozlaşdırlır. 

Bu aspektdən hazırda cəmiyyət tərəfindən müxtəlif müzakirələrə səbəb olan öz doğmaca ana dilimizin hansı perspektivləri var? Dilimizin yaşadılması, imzalar içrə imzamızın olması üçün nə etmək lazımdır? 
Məsələ ilə bağlı ilk olaraq tanınmış yazıçı, şair, publisist Aqşin Yenuiseyin fikirlərini öyrəndik. Onun fikirlərinin üstünə gül qondurmadan sizlərə təqdim edirik, əziz oxucularımız.

“Əvvəlcə zəruri bir düzəliş edək ki, insan danışdığı dilin deyil, düşündüyü dilin övladıdır. Uşaq ilk sözləri hansı dildə yazırsa, o dildə də düşünməyi öyrənir. Şifahi dil xalqın düşünə bilməyən, bu dildə heç nə yaratmayan təbəqəsinə lazımdır.

Biz danışdığımız dilin deyil, yazdığımız, düşündüyümüz dilin qeydinə qalmalıyıq. Bu gün ölüm təhlükəsi ilə üzləşən də məhz yazılı dilimizdir. Çağın mövzularını yazmaq və düşünmək üçün imkanları get-gedə məhdudlaşan dilimiz.

Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil “langue” və Nitq “parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.

Azərbaycan türkcəsi məhz yazılı dilini şifahi nitqinə qurban verdiyinə görə çağı inkişafı ilə ayaqlaşa bilmir. Çünki rus-sovet müstəmləkəçiliyi Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər.

Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı.
Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus dilinə, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.

Dil elə bir məsələdir ki, ona şəxsi, ailəvi, ideoloji maraqlardan yanaşmağın çox ağır nəticələri ola bilər. Dilə yalnız elmi-intellektual maraqlar bucağından baxmaq lazımdır, məsələn, ingilislər kimi. 1777-ci ildə ilk dəfə adının qabağına filologiya professoru yazan alman filoloqu Fridrix Volfdan üzü bu yana elm dünya tarixini, coğrafiyasını dil, filologiya üzərindən öyrənir.

Məsələn, özünü filoloq adlandıran Nitsşe Yunan və Roma mədəniyyətini aşardıran alimləri söyürdü ki, bu mədəniyyətlərin dil və filologiyasından xəbərsizdirlər. Yaxud məşhur şərqşünas Bernard Luis Orta Şərq tarixini Şərq dillərini öyrənməklə başlamışdı. 

Atom əsrində dili fəlsəfənin mövzusuna çevirən alman filosofu Vitgenşteyn yazırdı ki, düşüncənin sərhədlərini dilin sərhədləri təyin edir. Yəni bir insanın, bir millətin mənəvi-intellektual imkanları dilinin imkanları qədərdir. 

Dilin imkanları azaldıqca xalqın mənəvi-intellektual potensialı da azalır və xalq mədəniyyət yaratmaq bacarığını itirir ki, bizim bu günkü mədəni səviyyəmiz bunun tipik örnəyidir.  

1951-ci ildən bəri yayımlanan və hər dörd ildən bir yeni hesabat hazırlayan "Ethnologue, Languages of the World”ün son hesabatına görə bu gün dünyada 7099 dil var, ancaq  bir çox dil alimi hesab edir ki, təxminən, 2500 dil gələn əsrə keçə bilməyəcək.

İngilis filoloq Devid Kristalın proqnozları daha vahiməlidir: Kristala görə, önümüzdəki əsrdə bu gün dünyada var olan dillərin yarısı öləcək, bu da orta hesabla hər iki həftədə bir dilin ölməsi deməkdir. 

Dil ölümü nə deməkdir? Bu ölüm bir dilin başqa dil və dillər tərəfindən yeyilməsidir. Elmi olduğu qədər, vəhşi bir qanunauyğunluq. 

Vaxtilə belə bir deyim var idi ki, ingilis imperiyasıda günəş batmır. İndi o günəş batmayan ərazini ingilis dili fəth edib. İndi bütün dünya ingilis dilinin müstəmləkəsidir. Ölən dilləri də ingilis dili yeyir. Çünki çağı sərrast ifadə edən ən dolğun dildir.
Vaxtilə latın, yunan, ərəb dilləri də çağlarının “qlobal dili” olublar. Məsələn, X-XI əsrlərdə ərəb dilinin "əl-Muhkem vel-Muhitiul-Azam” lüğəti 26 cild idi. Həmin dövrdə türk dilində 10 min, fars dilində 250 min söz vardı. O dövrdə ərəb dili müsəlman Şərqində elm, fəlsəfə, fars dili şeir dili idi. 

Günlərin birində biz dilimizi ərəb, fars sözlərindən təmizlədik, bəs yerinə nə qoyduq? 

Ərəb sözlərini öz dilimizdən təmizləməklə, biz həm də dilimizi elmi, fəlsəfi anlayışlardan təmizlədik axı. Dilimizdə elmi, fəlsəfə anlayışları ifadə edən sözlərin yeri boş qaldı.  

Dilimizi Şərqdən qoparanlar, onu heç olmasa, Qərbə yapışdırmalıydılar. Amma nə etdilər, yazılı dili xəlqiləşdirdilər. Azərbaycan yazılı dilinin ən böyük faciəsi budur - xəlqilik. Onun mühafizəkarlığı da xəlqiliyindən doğur.

Bu gün ingilis dili elm, texnika dili olmaqla yanaşı, həm də dünya xalqlarının dillərinə açıq olduğu, başqa dillərdən ən çox söz alan dil olduğu üçün dünyəvidir. 

Sıravilər bir yana, Azərbaycanda ziyalılar yazılı dilə mühafizəkar yanaşır.

Və bu mühafizəkarlığın nəticəsidir ki, dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır. 

Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Görək bizimki nə qədər dözəcək. 

Yazılı dilin xəlqiləşməsinin nəticəsi də bu oldu: Meyxana dili siyasətdə, mediada, kitab bazarında, kinoda at oynadır. 

Azərbaycan dilinin rəsmi statusu var: "Dövlət dili". Dilimizin bu acınacaqlı vəziyyətindən vətəndaşlardan daha çox dövlət narahat olmalıdır, çünki ölüm ayağında olan bu dil onun rəsmi dilidir. 

Çağın ölçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dilə sahibik. Çünki yazılı dilimiz çağı ifadə etmək imkanlarından məhrumdur. İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır. 

Bu gün Azərbaycan dilini yalnız Azərbaycan dilində elmin inkişafı xilas edə bilər. Elmi dil zənginləşdikcə dilə yeni sözlər vasitəsilə yeni anlayışlar daxil olacaq. Yeni anlayışlar isə dilə marağı artıracaq.
Əks halda, heç bir təbliğat, heç bir inzibati müdaxilə dilimizi qoruya bilməyəcək. Biz məcbur qalıb həm mənəvi, həm maddi rifahımızı təmin edən dillərdə düşünəcəyik. Öz dilimiz öz ayağı ilə həyatımızın bütün sahələrini tərk edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO